Alim M.Ə.Sərdarovun Ulu öndər Heydər Əliyev haqqında “Mahir siyasətçi, müdrik rəhbər” adlı kitabı işıq üzü görüb

Elçin Sərdarov

Azərbaycan xalqının ümummilli lideri kimi ən yüksək ada layiq görülmüş dahi şəxsiyyət — Heydər Əliyev haqqında əsər və ya məqalə yazmaq, xatirələr söyləmək, bu böyük siyasi və milli — mənəvi liderin həyat və fəaliyyətini təhlil edib dəyərləndirmək şərəfli olduğu qədər də məsuliyyətli və çətin işdir. Bunu ölkəmizin görkəmli alimləri söyləyirlər, bunu səmimi etiraf etmək hər birimizin, xüsusilə də gənc tədqiqatçıların  borcudur.

Fəxrlə qeyd etməliyəm ki, bu günlərdə atam, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, dosent, siyasi elmlər üzrə fəlsəfə doktoru Məmmədağa Əhmədkərim oğlu Sərdarovun Ulu öndər Heydər Əliyev haqqında “Mahir siyasətçi, müdrik rəhbər” adlı kitabı işıq üzü görmüşdür. Kitaba M.Sərdarovun 2004-2020-ci illərdə yazdığı Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixində rolunu, onun doğma xalqı qarşısında misilsiz xidmətlərini əks etdirən məqalə və xatirələri, habelə elmi-praktik konfransdakı çıxışları xronoloji qaydada hazırlanıb, daxil edilmişdir.

Kitab ön sözdən, Girişdən, Ulu öndər haqqında məqalələr və xatirələr, Heydər Əliyevin Elm və Mədəniyyət haqqında fikirləri, Azərbaycan Respublikasının Konstitusiyası və Dövlət Rəmzləri haqqında fəsillərdən, xülasədən, istifadə edilmiş ədəbiyyatdan, rəylərdən, müəllif haqqında məlumatdan ibarətdir.

Kitabın əvvəlində AMEA-nın vitse — prezidenti, akademik İsa Həbibbəyliyin “…Azərbaycanın çoxəsrlik inkişafında Heydər Əliyev – İlham Əliyev  epoxası ən böyük və şərəfli tarixi mərhələdir” sözləri təqdim edilir. Ön sözdə tarix elmləri doktoru Eynulla Mədətlinin kitabla bağlı “Ulu öndərin zəngin siyasi irsində hər bir fikir adamı və tədqiqatçı üçün tükənməz materiallar vardır və təqdim olunan toplu da bu sahədə bir növbəti addım kimi təqdirəlayiqdir” fikirləri əks olunur.

M.Sərdarov altı monoqrafiyanın, 70-dən artıq elmi məqalənin, 200-ə yaxın məqalə və oçerkin, bədii — publisistik kitabların müəllifidir. Yanvarın 1-də Məmmədağa müəllimin 80 illiyi tamam oldu. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və “Rəşadətli əməyə görə” medal ilə təltif olunmuş, Əmək veteranı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Yeni Azərbaycan Partiyasının üzvü əziz atam, fəxrimiz Məmmədağa Sərdarovu bu dəyərli kitabın işıq üzü görməsi və yubiley münasibətilə təbrik edir, ona cansağlığı, ailə firavanlığı, yeni yaradıcılıq uğurları, uzun və mənalı ömür arzu edirəm!