Alim Abdulla Orucovun “Şimal — Şərgi Azərbaycan ilk orta əsrlərdə” kitabı işıq üzü görüb

E.Sərdarov

Bu yaxınlarda tarixçi-etnoqraf alim Abdulla Şixkamal oğlu Orucovun “Şimal – Şərgi Azərbaycan ilk orta əsrlərdə” kitabı işıq üzü görüb. Kitab müəllifin 1995-ci ildə müdafiə etdiyi eyni adlı mövzuda doktorluq dissertasiyası əsasında və ona verilmiş tanınmış alimlərin rəyləri əlavə olunmaqla hazırlanmışdır.

Kitabda müəllifin şəxsən iştirakı və rəhbərliyi ilə respublikanın Quba, Qusar, Xaçmaz və digər rayonlarda aparılan elmi ekspedisiyalar zamanı əldə olunan arxeoloji materialların təhlili geniş yer almışdır. Eyni zamanda kitabda arxeoloji qazantıların bir sıra nümunələrinin şəkilləri və onların izahı öz əksini tapmışdır.

Qeyd edirik ki, tədqiqat işində Azərbaycanın tarixinə, burada qədim dövrlərdən yaşamış, hazırda mehribanlıq və dostluq şəraitində yaşamasında davam edən etnosların adət-ənənələləri, məşğuliyyəti və digər sosial-məişət sahələrinə dair maraqlı faktlar gətirilmiş, bu məqsədlə çoxsaylı mənbələrdən istifadə olunmuşdur.

Kitabın rəyçiləri arasında görkəmli alim, akademik Ziya Bünyadov, tarix üzrə elmlər doktoru A.H.Mustafayev, tarix üzrə elmlər doktoru T.M.Dostiyev, tarix üzrə elmlər doktoru N.S.Əzimov qeyd ediliblər. Kitabın məsləhətçisi tarix üzrə elmlər doktoru, professor Şahin Fazildir.  

Kitabın tərtibçi-redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru Məmmədağa Sərdarovdur.

Kitabın son səhifəsində onun işıq üzü görməsi üçün təşəbbüs göstərən və əməyi olan alimlərə, yaradıcı heyətə və digər dəstəkverənlərə Abdulla müəllimin oğlu Elçin Orucuvun ailəsi adından təşəkkürür sözləri dərc edilib.

Əminik ki, kitab təkçə tarixçilərə, etnoqraflara, müəllimlərə, tələbələrə deyil, sıravi oxuculara da maraqlı və faydalı olacaq.   

P.S. Abdulla Şixkamal oğlu Orucov 1936-cı il sentyabrın 11- də Qusar rayonunun Mucuq kəndində müəllim ailəsində anadan olmuşdur. 1971-ci ildə o Azərbaycan SSR EA Tarix İnstitutunda «İlk orta əsrlərdə Azərbaycanda dulçuluq sənəti» mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.

1967-1974-cü illərdə A.Orucov EA Tarix İnstitutunda elmi işçi və arxeoloji fondun müdiri olmuş. 1974-cü ildən 1980-ci ilə qədər Azərbaycan Dövlət Universitetində ümumi tarix kafedrasında baş müəllim, sonra Avropa və Amerika ölkələri tarixi kafedrasında dosent vəzifəsində çalışmışdı. Uzun illər apardığı tədqiqat işlərin nəticəsi kimi A.Orucov 1995-ci ildə «Şimal -Şərgi Azərbaycan ilk orta əsrlərdə » mövzusunda doktorluq dissertasiyası müdiafiə etmişdir. 1997-ci ildən ömrünün sonuna kimi o, BDU-nun yeni və ən yeni tarix kafedrasının professoru idi.

Abdulla müəllim məhsuldar alim kimi tanınırdı. O, Azərbaycan tarixinin tədqiqata daha çox ehtiyacı olan IV-VIII əsrlərə aid 60-dan artıq elmi məqalənin və bir neçə monoqrafiyanın müəllifi idi. Onlardan «Quba rayonunda kustar dulusçuluq sənəti haqqında», «Drevni Şemaxa», «Qusar rayonunun ilk orta əsr abidələri» və başqalarını misal gətirmək olar.

Professor A.Orucov fakültə elmi şurasının üzvü kimi bir neçə namizədlik və doktorluq dissertasiyasının müdafiəsi zamanı opponentlik etmişdir. Abdulla müəllim mənalı ömür sürmüşdür. O, gözəl ailə başçısı idi. İki övlad böyütmüşdür, hər ikisi ali təhsillidir. Professor A.Orucovun bir ziyalı kimi respublikada böyük hörməti vardı. O, həm Bakı Dövlət Universitetində, həm də respublikada keçirilən ictimai-siyasi tədbirlərdə fəal iştirak edirdi.

Onun əziz xatirəsi dogmalarının, dostlarının və bütün tanıyanların qəlbində hər zaman yaşayacaqdır.