“Azərbaycanda yol təhlükəsizliyinin gücləndirilməsinə dəstək” tvinninq layihəsinə start verilib

Oktyabrın 4-də yol təhlükəsizliyi sahəsində standartların, idarəetmənin, qurumlar arasında koordinasiyanın yaxşılaşdırılması, müvafiq qurumların işçi heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə Avropa İttifaqının Avropa Qonşuluq Aləti çərçivəsində “Azərbaycanda yol təhlükəsizliyinin gücləndirilməsinə dəstək” tvinninq layihəsinə start verilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində GreenPen.az-a verilən məlumata görə Layihə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019 – 2023-cü illər üçün Dövlət Proqramı”na əsaslanır. Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planının əsas icraçı qurumlarından biri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.

27 ay müddətində davam etdiriləcək tvinninq çərçivəsində ölkəmizə 1 milyon avro həcmində qrant ayrılması nəzərdə tutulub.

Tvinninqin birbaşa benefisiarı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Həmçinin Daxili İşlər Nazirliyinin Baş Yol Polisi İdarəsi, Elm və Təhsil Nazirliyi və digər müvafiq qurumların da tvinninqdə aktiv iştirakı planlaşdırılır.

Tvinninqin məqsədi ölüm və ya ağır xəsarətlərlə, sosial-iqtisadi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin azaldılmasına töhfə vermək, Azərbaycanda yol hərəkəti təhlükəsizliyi məsələlərini daha yaxşı idarə etmək və əlaqələndirmək üçün aidiyyəti dövlət qurumlarının və digər maraqlı tərəflərin hüquqi, institusional imkanlarını və kadr potensialını təkmilləşdirməkdir.