«Azərbaycan Tələbə Kartı» yeni variantda təqdim ediləcək

Təhsil alan gənclərə sosial dəstəyin artırılması və tələbələrin beynəlxalq güzəştli kartlar sisteminə qoşulması məqsədi ilə 2012-ci ildən etibarən Gənclər və İdman, Təhsil Nazirlikləri və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün 196 min ədəd «Azərbaycan Tələbə Kartı» hazırlanaraq pulsuz paylanmışdır.

«Azərbaycan Tələbə Kartı» Avropa Gənclər kartı (EYCA) ilə birgə buraxılır. 1987-ci ildə təsis edilən Avropa Gənclər Kartı Assosiasiyası üzv təşkilatları sosial, mədəni, təhsil və iqtisadi cəhətdən mobil olmaq üçün daha çox gəncləri stimullaşdırmaq istiqamətində birgə fəaliyyət məqsədi daşıyır.   Avropa Gənclər kartının (EYCA) şüarı “Qənaət edilmiş pul-qazanılmış puldur”.

Plastik Kartın üzərində Avropa Gənclər Kartının loqosu var və ona uyğun olaraq kartın içində mikroçip yerləşdirilib. Bu da kart sahibinə Avropanın 37 ölkəsində aşağıdakı 80.000-dən artıq və Azərbaycanda 200-dən artıq obyektlərində 5% -dən — 55% -dək endirimlər təklif edir.

Kartdan aşağıdakı istiqamətlər üzrə istifadə etmək imkanı var:

səyahət zamanı: otellər və hostellər, ekskursiyalar və turlar
nəqliyyat: qatarlar, avtobuslar, hava və su nəqliyyatı
-mağazalar: kitab, idman, paltar və digər
-iaşə obyektləri: restoranlar və kafelər
-xidmətlər: sığorta, abunə servisi, bələdçi

14 dekabr 2016-cı il, saat 11:00 –da Park İnn mehmanxanası “Dan ulduzu” zalında keçiriləcək tədbir «Azərbaycan Tələbə Kartı»nın yeni variantını və yeni tərəfdaş şirkətləri təqdim etmək məqsədi daşıyır.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “2011-2015-ci illərdə” Dövlət proqramına uyğun olaraq həyata keçirilir.

 

www.mys.gov.az