Bu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin (Qəzənfəroğlu) “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı III cildliyinin (əlavələrlə təkrar nəşrinin) təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq III cildiyinin əlavələrlə təkrar nəşrinin nəşr edilməsi ilə bağlı müəllifi təbrik edərək ona yaradıcılığında uğurlar arzulayıb. Bildirib ki, bu uğur həm də eyni zamanda Fəlsəfə və Sosiologiya İnstitutunun uğurudur. İ.Məmmədzadə qeyd edib ki, üç cildlik kitab olduqca böyük zəhmət hesabına başa gəlib, bu kitablarda maraqlı və yeni məqamlar çoxdur, burada müəllifin dəsti-xəttinin özünəməxsus olması xüsusi olaraq seçilir və müəllif bu kitablarında zəngin mənbələrdən istifadə etməklə tarixən cavabı verilməyən bir çox suallara aydınlq gətirib.
Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Eynulla Mədətli öz çıxışında müəllifin əsərlərində Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyətinə və s. bütöv yanaşma olduğunu, bu mənada kitabların olduqca əhəmiyyət kəsb etdiyini, bu əsərin institutda meydana çıxmasının vacib amil olduğunu qeyd edib. Müəllif kitabda çox məharətlə tədqiq etdiyi mövzular arasında məntiqi ardıcıllıq yarada bilmişdir. Araşdırmaçı alimin gərgin zəhmətinin bəhrəsi olan bu üç cildlikdə filosof Azərbayan Türk fəlsəfi və ictimai fikir tarixini sistemli şəkildə təhlil etmiş, uğurlu tədqiqat aparmışdır. Burada həm dövrün ictimai-siyasi, mədəni-fəlsəfi mənzərəsini hərtərəfli şəkildə araşdırmış, eyni zamanda bütün bunların fonunda mütəfəkkirlərimizin irsini oxuculara təqdim etmişdir.
Millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu bildirib ki, Faiq Ələkbərlinin üç cildliyi milli birliyimizi, bütövlüyümüzü ifadə etmək Türk ruhunu yenidən canlandırmaq baxımından çox önəmlidir. Çünki dövlət başçımız, prezidentimiz İlham Əliyev də çıxışlarında yeni milli ideyanın vacibliyindən, Türk ailəsindən bəhs edir. Ona görə də, bu institutda bu kimi əsrlərin nəşri prezidentimizin irəli sürdüyü məqsədlərə, ideyalara da uyğundur.
Məruzəçilərdən tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə, fəlsəfə elmləri doktoru, prof. Rafail Əhmədli, f.ü.f.d. Məhəmməd Cəbrayılov, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, f.ü.f.d, dosent Şölət Zeynalov, tarix üzrə elmlər doktoru, dosent Vaqif Abışov, dosent Aygün Xəlilqızı, f.ü.f.d., tarix üzrə fəlsəfə doktoru, dosent Əzizağa Ələkbərov, siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova kitabın qlobal, siyasi-fəlsəfi aspektlərindən, f.ü.f.d., dosent Zeynəddin Şabanov kitabın elmi dəyərindən, onun hazırlanması və redaktəsi prosesindən, müəllifin tədqiqatçılıq əməyindən, BDU-nun Fəlsəfə Tarixi və Mədəniyyətşünaslıq kafedrasının müəllimi Elçin Sərdarov Azərbaycan Türk fəlsəfəsinin və ictimai fikirin təşviqinin və multikultural dəyərlər baxımından təhlilinin əhəmiyyətindən, ADNSU THİK Kitab Klubunun sədr müavini Azər Bədəlov və digər iştirakçılar müəllifi təbrik edərək, kitab haqqında fikir və mülahizələrini bölüşüblər.
Sonda Müəllif – Faiq Ələkbərli təqdimata gələn hər bir kəsə minnətdarlığını bildirib.O deyib ki, bu 3 cildliyi ərsəyə gətirməkdə əsas məqsədi Azərbaycan xalqının mədəni-fəlsəfi, tarixi bütölüyünü, Türk xalqlarının həmrəyliyini ifadə etmək olub.
















