Vüqar Zivər oğlu, Vəfa İsgəndərovanın «Jurnalist etikası» dərs vəsaiti işıq üzü görüb

Vüqar Zivər oğlu, Vəfa İsgəndərovanın «Jurnalist etikası» dərsliyi Avropa Şurasının «Azərbaycan mediyasında gender bərabərliyi və digər etik standartların təşviqi» layihəsi çərçivəsində hazırlanıb və nəşr edilib. Dərslik III fəsildən ibarətdir: «Jurnalistika və etika», «Peşə fəaliyyətində etik problemlər», «Jurnalist peşəsi və ictimai məsuliyyət».

Kitabın müəllifləri ilə tam razı olaraq qeyd etmək istərdim ki, həqiqətən «müasir dövr — texnologiyalar, informasiyalar dövrüdür. İnformasiyanın təsir gücü hər keçən gün artır və bu informasiya ilə birbaşa işləyən peşə sahiblərinə marağı, diqqəti artırır». Transformasiya dövründə jurnalistika həm öz məlumatlandırıcı, maarifləndirici, əyləndirici və s.funksiyalarından istifadə edərək cəmiyyətə öz təsirini edir, həmçinin, «ona bu təsirlər olur».

Müəlliflərin sözü ilə desək: «Jurnalistika cəmiyyətdə əxlaq normalarının formalaşmasında, inkişafında yaxından iştirak etdiyi kimi, bu normalar da özlüyündə onun fəaliyyət mexanizminə, jurnalistin peşə çərçivəsində davranış qaydalarına təsir göstərir. Bu qarşılıqlı əlaqə onların zənginləşməsinə, yeni çalarlar qazanmasına səbəb olur». Bu qarşılıqlı əlaqə onların zənginləşməsinə, yeni çalarlar qazanmasına səbəb olur. Dərslik müəlliflərinin «son illər təcrübəsi göstərir ki, KİV cəmiyyətin əxlaqına, davranış qaydalarına, yeni vərdişlərin, normaların yaranmasına təsir edən ən güclü vasitədir» fikiri ilə tam razı olaraq qeyd etmək istərdim ki, gənc jurnalistlərin jurnalist etikası, yaradıcılıqda etik normalar, peşə fəaliyyəti zamanı etika, informasiya toplanması və istifadəsi zamanı etika, bu və digər jurnalist etikası məsələlərinə aid məlumata və təcrübəyə böyük ehtiyacları var.

Ümid edirik ki, təcrübəli müəllimlər və jurnalistlər tərəfindən hazırlanmış bu dərslik gənc jurnalistlərin əməl etməli qaydalar haqqında məlumatlıq səviyyələrini artıracaq, onlara cəmiyyətdə «İV hakimiyyət» funksiyasını layiqincə yerinə yetirməkdə, peşəsinə dəyər verməkdə və davamlı peşəkar inkişafında praktiki köməklik göstərəcək.

Elçin Sərdar