Bakı, 3 mart (AzərTAc). Azərbaycanda ətraf mühitin mühafizəsi və ölkə ictimaiyyətinin ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində qəbul edilən qərarlar, bu istiqamətdə görülən işlər barədə vaxtında məlumatlandırılması məsələlərinə xüsusi diqqət yetirilir. Bu sahədə geniş və məqsədyönlü iş aparan qurum isə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyidir
“Yaşıl qələm” şəbəkəsinin rəhbəri, “Saniyə” agentliyinin direktoru Elçin Sərdarov jurnalist və müəllimlərin sosial, ekologiya, təhsil və tədqiqat şəbəkəsi olan bu qurumun fəalları ilə Ekologiya ilinə həsr olunmuş görüşdə bildirmişdir ki, Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin ətraf mühitin mühafizəsinə dair fərman və sərəncamları, bu sahədə qəbul edilmiş qanunlar, habelə ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə görülən bütün işlərlə dərindən maraqlanırlar.
Görüşdə vurğulanmışdır ki, bu baxımdan əhalinin ekoloji məlumatlandırılması olduqca vacibdir. Azərbaycan Dövlət Teleqraf Agentliyi — AzərTAc dövlətimizin ekologiya sahəsində siyasəti və ətraf mühitin qorunmasına dair qanunlar ilə əlaqədar geniş informasiya yaymaqla, bu vəzifəni uğurla və yüksək peşəkarlıqla yerinə yetirir.
AzərTAc-ın ekologiya məsələləri sahəsində əhali üçün ən yaxşı, operativ və hərtərəfli informasiya mənbəyi elan edilməsi agentliyin 90 illik yubileyi ilə bir vaxta təsadüf etmişdir. Görüş iştirakçıları AzərTAc-ın kollektivini əlamətdar yubiley münasibətilə təbrik etmiş, ona peşəkar jurnalistlik məktəbi statusunu daim saxlamağı arzulamışlar.