1 İyul — Ümumdünya Bakılılar Günüdür

Bu gün 1 İyul — Ümumdünya Bakılılar Günüdür. Bakı dünyanın ən çoxmillətli şəhərlərindən biridir. Belə ki, burada yetmişdən artıq millətin nümayəndələri bir yerdə, mehribancasına yaşayıb və yaşayırlar. Xəzrinin sərt, Gilavarın ilıq, Xəzərin təlatümlü, emosional olduğu qədər yumşaq təbiətini özündə birləşdirən, mərd və sözünün üstündə duran Bakılılar dünyanın hər yerində bu əlamətdar tarixi bir yerə toplaşaraq, olanları, keçənləri xatırlayaraq qeyd edirlər. Bu haqda Bakı Şəhər Mədəniyyət Baş İdarəsi GreenPen.az-a xəbər verib.

Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Paytaxtın adı «Küləklər şəhəri» kimi şərh olunur. Paytaxt Bakı Azərbaycanın böyük elmi-mədəni və sənaye mərkəzidir.

Ölkənin ən böyük mədəniyyət mərkəzi olan Bakı, müsəlman Şərqində ilk milli teatrın, ilk operanın ifa olunduğu, ilk Azərbaycan qəzetinin nəşr edildiyi və ilk Azərbaycan kitabxanasının açıldığı şəhərdir.

Əziz Bakılılar, milliyyətindən asılı olmayaraq bu şəhərdə dünyaya gələn, Bakıda ailə, dost səmimiyyətini görən və günəşindən nurlanan, şəhərimizin mədəniyyətini yaşadan qonaqpərvər və xeyirxah dostlar GreenPen.az Sizin bayramınızı təbrik edir!