Evə gedirəm!

Hörmətli oxucular,

Bu çətin qlobal pandemiya dövründə bəzi vətəndaşlarımız xarici ölkələrdə sərhədlərin müvəqqəti bağlanılması ilə bağlı ölkəmizə vaxtında qayıda bilmədilər. Onların arasında Sizin ailə üzvləriniz, qohumlarınız və dostlarınız da ola bilər. Nəzərinizə faydalı ola biləcək, Azərbaycanın Rusiya Federsiyasındakı səfirliyi və konsulluqlarına daxil olan müraciətləri nəzərə alaraq yaradılmış www.evegedirem.info saytı ilə bağlı məlumatı çatdırırıq. GreenPen.az  səfirliyimizin bununla bağlı tam  məlumatı və tez-tez verilən suallara cavabları dərc edir.

Bildiyiniz kimi hazırda beynəlxalq aləm koronavirus (COVID-19) xəstəliyi ilə üz-üzə qalıbdır və bütün səylər virusla mübarizəyə səfərbər edilib. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyası ilə bağlı vəziyyət qlobal pandemiya elan olunub. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək digər dövlətlərlə yanaşı, Azərbaycan ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilib. Vətəndaşların sağlamlığı və təhlükəsizliyi naminə dövlətlər tərəfindən bu istiqamətdə işlər davam etdirilməkdədir. O cümlədən, bir sıra dövlətlər virusla mübarizə sahəsində görülən tədbirlər çərçivəsində müvəqqəti olaraq sərhədlərin bağlanmasına qərar vermişdir.
COVID-19 pandemiyası səbəbindən hazırda Azərbaycan Respublikasında da xüsusi karantin rejimi tətbiq olunmaqdadır. Xüsusi karantin rejimi müddətində, həmçinin Azərbaycanda əhalinin sağlamlığı istiqamətində bir sıra tədbirlər görülməkdədir. Bu sırada ölkə daxilində şəhərlərarası gediş-gəlişə məhdudiyyətlə yanaşı, dövlət sərhəddinin bağlanmasına da qərar verilmiş, yerüstü və hava nəqliyyatı müvəqəti olaraq dayandırılmışdır.
Vətəndaşlarımızdan xüsusi karantin rejimi müddətində vətənə qayıtmaqla bağlı Azərbaycanın Rusiya Federsiyasındakı səfirliyi və konsulluqlarına daxil olan müraciətləri nəzərə alaraq www.evegedirem.info saytı yaradılmışdır. Saytın məqsədi Rusiyanın müxtəlif bölgələrində yaşayan həmvətənlərimizə onlayn qeydiyyata düşmək imkanı yaratmaqla onların səfirliyə müraciətlərini tezləşdirmək, vətənə qayıdış prosedurlarına köməklik göstərməkdir. Saytda qeydiyyatdan keçmiş hər bir şəxsin elektron növbə ardıcıllığı yaranacaq və həmin ardıcıllığa uyğun olaraq vətəndaşlarımızın Azərbaycana qayıtma tarixləri təyin ediləcəkdir.
Əziz həmvətənlər, bütün dünya və ölkəmiz üçün vacib olan hazırkı vəziyyətdə sizdən bir daha təmkin və səfərbərlik nümayiş etdirməyiniz, özünüz və ailəniz, yaxınlarınızın sağlamlığı naminə karantin rejimi qaydalarına əməl etməyiniz xahiş olunur.

Tez-tez verilən suallar və cəvablar

Saytda qeydiyyatdan keçdikdən sonra Azərbaycana geri dönüş tarixi barədə məlumat nə zaman verilir?

Azərbaycana dönüş tarixi barədə məlumat təyin olunan tarixdən 2 həftə əvvəl verilir.

Qeydiyyatdan keçdikdən sonra Azərbayana geri dönüş tarixi barədə məlumatı necə əldə edə biləcəm?

Vətəndaşın Azərbaycana geri dönüş üçün hansı tarixdə və hansı keçid məntəqəsinə yaxınlaşmağı barədə məlumat portal vasitəsi ilə, mobil telefonuna sms göndərməklə və ya birbaşa zənglə əlaqə saxlanılaraq bildirilir.

Ayrılmış çarter reysi ilə Azərbaycana geri dönüş üçün bilet ödənişlidir?

Bəli, Azərbaycana geri dönüş üçün ayrılmış çarter reysinə bilet ödənişlidir və müraciət edən şəxs tərəfindən ödənilir. Qayıdan şəxsin AZAL və “Buta Airways”lə əvvəlcədən alınmış qayıdış bileti olarsa, yalnız həmin şəxsin geri dönüşü ödənişsiz həyata keçiriləcəkdir.

Saytda onlayn qeydiyyatdan keçdikdən sonra mənə Azərbayana geri dönüş üçün verilən sıra nömrəsini dəyişdirmək olar?

Xeyir, geri dönüş üçün verilmiş sıra nömrəsini dəyişdirmək olmaz.

Hər hansı bir fors-major səbəbindən müəyyən olunan tarixdə Azərbaycana qayıtmaqdan imtina etsəm, saytda yenidən qeydiyyatdan keçmək lazımdır?

Bəli, yenidən qeydiyyat keçməlisiniz və sizin üçün yeni qayıdış tarixi növbə sıranıza uyğun olaraq təyin olunacaq.

Saytda onlayn qeydiyyatdan keçdikdən sonra fikrimi dəyişsəm mənə Azərbaycana geri dönüş üçün verilən sıra nömrəsini bir başqa yaxınım olan şəxsə (qohumum, tanışım, ailə üzvü və s) ötürə bilərəm?

Xeyir, geri dönüş üçün verilmiş sıra nömrəsi individualdır, bir başqa şəxsə ötürülə bilməz.

Saytda ailə üzvlərimlə birgə qeydiyyatdan keçmişəm, bizim Azərbaycana geri dönüş tarixlərimiz eyni gündə olacaq?

Sistemdə qeydiyyatdan keçərkən əgər ailə bölümündə digər ailə üzvlərinizi də həmin vaxt qeydiyyatdan keçirmisinizsə, eyni geri gönüş tarixi müəyyən ediləcəkdir.

Azərbaycana gedən vətəndaşın geri dönüşü də təmin olunurmu?

Xeyir, saytdan qeydiyyatdan keçən şəxslərin yalnız Azərbaycana gedişi təmin olunur.

Saytda Azərbaycana geri dönüş üçün həm hava, həm də quru yolu ilə olan variantı seçə bilərəm?

Xeyir, yalnız bir variantı seçə bilərsiniz.

Pandemiya dövründə xarici ölkə vətəndaşlarının Azərbaycana gedişi mümkündür?

Pandemiya dövründə Azərbaycan hökuməti yalnız Azərbaycan vətəndaşlarının vətənə qayıdışını təmin edir.

Azərbaycana qayıdan şəxslər karantinə yerləşdirilirmi?

Bəli, 14-21 günlük karantində yerləşdirilmə mütləqdir.

Qayıdan şəxslərin Azərbaycanda karantində harda yerləşdirilməsi nəzərdə tutulur?

Karantin yerləri Operativ Qərargah tərəfindən ayrılır və həmin andakı karantin zonalarında mövcud vəziyyətə uyğun müəyyən edilir.

Şəxsi avtomobilimlə quru sərhəddi ilə Azərbaycana keçə bilərəm?

Bəli, saytdan qeydiyyatdan keçmisinizsə və sizə geri dönüş tarixi təyin olunubsa, şəxsi avtomobilnizlə sərhəddi keçə bilərsiniz.

Qeydiyyatdan keçdikdən və təsdiq aldıqdan sonra neçə gün ərzində quru sərhəd mənqəsini keçə bilərəm?

Sərhəddi yalnız təyin olunan tarixdə keçə bilərsiniz.

Vəfat edən şəxsin nəşinin Azərbaycana aparılması üçün saytda qeydiyyatdan keçmək lazımdır?

Xeyir, vəfat edən şəxsin nəşinin bir nəfər yaxınının müşayiəti ilə Azərbaycana göndərilməsi istisna hal kimi Azərbaycanın xaricdəki səfirliyi və konsulluğu vasitəsi ilə həll edilir. Bunun üçün səfirlik və konsulluqlara birbaşa müraciət etmək lazımdır. Nəşi müşayiət edən şəxs Azərbaycana keçdikdən sonra karantin zonasına yerləşdirilir.

GreenPen.az