24 mart — 1 aprel tarixlərində Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 — Çağrı Mərkəzinə daxil olan 27486 müraciətdən 5278-ni sosial xidmətlərin göstərilməsi ilə əlaqədar müraciətlər təşkil edib. Bu haqda məlumatı GreenPen.az-a Əmək və Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsində veriblər.
Məlumata görə, Nazirliyə daxil olan müraciətlər əsasında yaşı 65-dən yuxarı tənha yaşayan şəxslər olduğu müəyyən edilən 2472 vətəndaş evlərində sosial məişət xidmətləri ilə əhatə olunub.
Bununla da evlərində sosial xidmətlərlə təmin olunan yaşı 65-dən yuxarı tənha şəxslərin sayı 12 minə çatıb.
Nazirliyin sosial xidmət işçiləri tərəfindən könüllülərin də dəstəyi ilə həmin tənha yaşayan şəxslərə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaitləri ilə əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. köməkliklər göstərilir.
Bu çətin vaxtda hər bir ehtiyacı olan vətəndaşa köməklik göstərilməsi üçün həm dövlət, həmçinin biznes qurumları, vətəndaş birlikləri, imkanı olan hər bir mərhəmətli insanlar da öz dəstəklərini əsirgəməməlidirlər.
Tənha və ehtiyacı olan insanlara edilən hər bir dəstək, bizim insanların və cəmiyyətimizin ruhən daha sağlam və xoşbəxt olmasına xidmət edəcək!
Tanrı xalqımızı və dövlətimizi, milli həmrəyliyimizi qorusun!
GreenPen.az