“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyinin peşə seçimi və karyerada uğurların qazanılması istiqamətində maarifləndirici seminarlar davam edir

“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyi (MİDİB) Azərbaycanda memarlıq, inşaat və dizayn sahələrinin inkişaf etdirilməsi və müasir dünya standartları səviyyəsinə çatdırması işinə kömək etmək məqsədi ilə 02 may 2001-ci il tarixində təsis edilmiş, 30 iyul 2003-cü ildə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Təşkilat 2003-cü ildən başlayaraq bu günə kimi müxtəlif təyinatlı layihələr hazırlamış və onları uğurla icra etmişdir.

Onu da əlavə etmək istərdik ki, təşkilat Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Saziş təşəbbüsünə 2012-ci ildən qoşulmuş və öz fəaliyyətini beynəlxalq standartlar əsasında qurmağa və inkişaf etdirməyə başlamışdır.Bunlarla yanaşı 2016-cı il tarixində təşkilat Azərbaycan Respublikası Təhsil Nazirliyindən əldə etdiyi razılıq və dəstək məktubuna əsasən Bakı və regionların ümumi təhsil müəssisələrində məktəblilərin dərsdənkənar vaxtlarında memarlıq, inşaat və dizayn, həmçinin mühəndislik sahəsində karyera imkanları barədə maarifləndirici seminarların və tədbirlərin keçirilməsinə start vermişdir. Bu haqda GreenPen.az-a MİDİB-in mətbuat xidmətində məlumat verdilər.

Məlumata əsasən, bu işlərlə yanaşı təşkilat həmçinin Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi»ndə qeyd olunan «Peşə təhsili sisteminə ixtisaslı yeni mütəxəssislərin cəlb edilməsi» çağırışına peşəyönümlü bir təşkilat kimi müxtəlif mövzularda maarifləndirici tədbirləri təşkil etməklə dövlətimizin təhsilinə dəstək olmağa başlamışdır.

Yuxarda qeyd olunanlara əlavə olaraq onu da bildirmək istəyirik ki, təşkilat 2017-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının birinci qrant müsabiqəsində iştirak etmiş və “Məktəblilərin gələcək peşə seçimi və karyerada uğurların qazanılması üçün maarifləndirici tədbirlərin təşkili” adlı layihəsi dəstək almışdır.

Cari layihənin əsas məqsədi, Bakı və Sumqayıt şəhərlərinin bir neçə seçilmiş məktəblərinin 7-ci və 8-ci siniflərində təhsil alan və mühəndislik sahəsində gələcək karyerasını qurmaq istəyi olan şagirdlər üçün memarlıq, dizayn və inşaat mühəndisi sahəsində maarifləndirici seminarların və “Mən mühəndislik peşəsini seçməklə ölkəmə necə faydalı ola bilərəm” adlı inşa yazı müsabiqəsini təşkil etməkdir.

Layihə çərçivəsində təşkil olunacaq seminarda aktiv və inşa yazı müsabiqəsinin qalibi olacaq hər bir məktəbdən və hər bir (7-ci və 8-ci) siniflərdən seçiləcək cəmi 50-60 nəfər şagirdə şəhadətnamə (sertifikat) və təşkilatın həvəsləndirici hədiyyələri təqdim olunacaqdır.

Layihənin rəhbəri və MİDİB təşkilatının icraçı direktoru, Arif Nəcimov məlumat verir ki, layihə nəinki şagirdlər, hətta müəllimlər və valideyinlər tərəfindən də maraqla qarşılanır. Belə olan halda təşkilat rəhbərliyi çoxsaylı müraciətləri nəzərə alaraq layihənin davamlı olması üçün öz tərəfdaşları və üzv təşkilatları ilə birlikdə layihəni bir proqram formatında davam etdirəcəkdir.

 GreenPen.az

 

Responses are currently closed, but you can trackback from your own site.

Comments are closed.