Şəki festivalında “Təbriz” rəqs qrupunun çıxışı maraqla qarşılanıb

Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı artıq üçüncü gündür musiqisevərləri, şəhərin qonaqlarını maraqlı və rəngarəng konsert proqramları ilə sevindirir.

Festivalın ilk günlərində tamaşaçılar Yaponiyadan, Polşadan, Macarıstandan gəlmiş musiqi qruplarının, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivlərinin çıxışlarını izləyiblər.

Festival çərçivəsində iyunun 29-da axşam saatlarında “Marxal” müalicə-istirahət kompleksinin Yay Teatrında tamaşaçılara İran İslam Respublikasından gəlmiş “Təbriz” rəqs qrupunun konserti təqdim olunub.Konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, festivala dəvət olunan qonaqlar və musiqisevərlər iştirak ediblər.Konsertin əvvəlində məlumat verilib ki, “Təbriz” rəqs qrupu uzun müddətdir tanınmış xanəndə Ramin Qəznəvinin rəhbərliyi ilə çıxış edir. Qrupun rəhbəri İranda keçirilən bir çox festivalların və müsabiqələrin laureatıdır. Tərkibinə solist və rəqqasların daxil olduğu qrup instrumental heyətlə birgə bir çox ölkələrdə, o cümlədən İsveç, Almaniya, Türkiyə və Danimarkada konsertlər verib, uğur qazanıb.Ramin Qəznəvinin ifasında “Bizim yerdə” mahnısı ilə başlayan konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə qrupun rəhbəri Ramin Qəznəviyə festivalın rəmzi simvolunu təqdim edib.

Mədəniyyət və Turizm Nazirliyindən GreenPen.az-a verilən məlumata görə,  festivalın dördüncü günü, iyunun 30-da günorta saatlarında “Yuxarı Karvansaray” mehmanxana-kompleksində “İzmir Dövlət Türk Dünyası Dans və Müzik Topluluğu”nun, axşam saatlarında isə “Marxal” istirahət kompleksinin Yay Teatrında Gürcüstanın uşaq xoreoqrafik ansamblının konsertləri olacaq.

GreenPen.az

Responses are currently closed, but you can trackback from your own site.

Comments are closed.