Görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş proqram məktəblilərin və tələbələrin musiqi zövqlərinin formalaşmasına və  isdedadlı gənclərin üzə çıxarılmasına təkan verəcək  

Elçin Sərdarov

28 aprel 2017-ci il tarixində Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin təşkil etdiyi görkəmli bəstəkar, Azərbaycanın xalq artisti Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında keçirildi.

Konsertdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın  xalq artisti, professor Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, xalq artisti Ağacəbrayıl Abbasəliyev, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin direktoru Kəmalə Cəfərzadə, Mərkəzin əməkdaşları  və digər qonaqlar iştirak etdilər.

Tədbirin xüsusi qonağı, görkəmli kinorejissor Eldar Quliev qonaqlar qarşısında çıxış edərək təşkilarçılara təşəkkürünü bildirdi. O, bəstəkarın mahnılarının bu gün də sevilən olduğunu və onu yaşadılmasını qeyd etdi.

Konsert proqramında sevimli bəstəkarımızın musiqi və kino fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi. Bakı Musiqi Akademiyasının tələbələrinin, İncəsənət Gimnaziyasının şagirdlərinin gözəl və məharətli ifasında Tofiq Quliyevin mahnılarından ibarət canlı musiqi (vokal, estrada, caz, orkestr, muğam, kinofilmlərdən musiqi) və rəqs nömrələri təqdim edildi. Şagirdlər bəstəkarın “Azərbaycana gəlsin”, “Bakı haqqında”, Gecə serenadası”, “Vals”, “Firüzə”, “Zibeydə”, “Səhər”, xalq mahnısı “Qoy gülüm gəlsin”, “Qaytağı” və digərlər əsərlərini ifa etdilər. Musiqi Akademiyasının xor bölməsinin tələbələrinin ifasında bəstəkar Tofiq Quliyevin “Faytonçu” əsəri tamaşaçıların alqışları ilə qarşılandı.

Fəal çıxışlarına görə tələbə və şagirdlər Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin diplomları ilə təltif edildilər.

Tədbir günü Akademiyanın foyesində gorkəmli bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş maraqlı sərgi təşkil edildi. Həmçinin, Mərkəzin Təsviri Sənət Qalereyasında dərnək üzvlərinin  rəsmi əsərləri nümayiş edildi.

Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin direktoru Kəmalə xanınımın sözlərinə görə: ”Konsert proqramının keçirilməsində məqsəd – Azərbaycan xalqının görkəmli bəstəkarı Tofiq Quliyevin musiqi xəzinəmizin inciləri hesab edilən mahnıları, operettaları, estrada pyesləri ilə gəncləri tanış etmək, müasir dövrdə qarışıq və qeyri-peşəkar musiqilərin səsləndiyi bir zamanda onların musiqi zövqünün formalaşmasında tərbiyəvi əhəmiyyət daşıdığını çatdırmaq, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq idi”.

Fikrimizcə, bu cür yükəsək zövqlə təşkil edilən tədbir bu məqsədə nail olmasında öz tövhəsini verəcək.