Peşə təhsili məsələləri “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin tədbirində müzakirə edildi

Noyabrın 25-də  “ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində BMM-də təqdimat keçirib. Təşkilatın icra etdiyi Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya, texniki və təşkilati dəstəyilə həyata keçirilib. Tədbirdə layihə haqqında söhbət açan “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri  İradə Yaqubova layihə çərçivəsində sentyabr ayında Azərbaycanın 21 ali təhsil müəssisəsinin 1050 tələbəsi arasında keçirilmiş sosioloji tədqiqat, İTV-də yayımlanan “Addım-addım”  və “Açıq dərs” verlişlərində ekspertlərin iştirakı ilə 6 mövzu ətrafında müzakirələrin aparıldığını qeyd etdi. İradə xanım məlumat verdi ki, 3 aylıq layihə dövründə cəmiyyət üçün aktual olan problemlər öyrənilib, ictimai görüşlər zamanı müxtəlif təkliflər verilib.

İ.Yaqubova “Açıq dərs” verilişində müzakirə olunan “İxtisas seçiminə ailənin təsiri və rolu” mövzusunun cəmiyyətdə rezonansa səbəb olduğunu bildirdi və bununla bağlı maraqlı tərəflərin əməkdaşlığının inkişafının vacibliyini vurğulayıb. Tədbirdə çıxış edən İTV-nin, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Təhsil nazirliyinin, Ombudsman Aparatının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri mövzunun aktuallığından, peşə liseylərin və məktəblərin gördüyü işləri cəmiyyətə daha yaxşı çatdırılmasının vacibliyindən, ASAN — Peşə layihəsinin uğurlarından, peşə təhsili sahəsində çalışan müəllimlərin davamlı təhsillərinin və təcrübələrinin artırılmasının önəmliyindən,  liseylərin beynəlxalq ekspertlərlə  əlaqələrin qurulması, məktəblərdə və ailələrdə peşə təhsilinə aid maarifləndirmə işlərinin gücləndirilməsi məsələrinə aid  təkliflər verdilər. Tədbirdə çıxış edən Peşə ixtisas müəssisələrinin rəhbərləri müəssisələrində görülən işlərdən, ASAN Peşə, Təcrübə mübadilələri səfərləri haqqında, məşğulluq məsələrində tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyindən söhbət açıblar.  Peşə təhsili məsələrinə aid yeni layihənin və görüşlərin davam etdirilməsi töhsiyyə edildi.

GreenPen.az