AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətlinin “Pakistan: qısa tarixi-siyasi oçerklər” adlı kitabı Bakı Dövlət Universitetinin və ADMİU-nun müəllim və tələbələri tərəfindən maraqla qarşılanıb.
Tarix elmləri doktoru Eynulla Mədətliyin GreenPen.az-ın nüməyəndəsinə verdiyi məlumata görə, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında diplomatik əlaqələr qurulmasının 30 illinə həsr olunmuş “Pakistan:qısa tarixi-siyasi oçerklər” kitabında qardaş Pakistan xalqının və onun dövlətçilik tarixinin ən ümdə məsələləri qələmə alınmışdır.
Kitab ölkə Prezidenti, cənab İlham Əliyevin sözləri ilə başlayır:”Qardaş xalqlarımızın ortaq tarixi, dini köklərindən qaynaqlanan və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan – Pakistan əlaqələrinin mövcud vəziyyəti bizi sevindirir. Biz qarşılıqlı etimad üzərində qurulmuş münasibətlərimizin inkişafına böyük əhəmiyyət veririk”.
Müəllif 2002-2010-cu illərdə Azərbaycanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışdığı zaman yazdığı gündəliklərdən, şəxsi müşahidələrindən, keçirdiyi görüşlərdən, eləcə də müxtəlif tarixi mənbələrdən və ədəbiyyatlardan faydalanmaqla qardaş ölkənin qısa tarixi-siyasi mənzərəsini yaratmağa çalışmışdır.
Kitab tarixçilər, filoloqlar, politoloqlar, beynəlxalq münasibətlər sahəsinin mütəxəssisləri və tələbələri daxil olmaqla geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur.
Kitab AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi şurasının qərarı ilə nəşr edilib. Elmi redaktoru, Milli Məclisin deputatı AMEA-nın müxbir üzvü Musa Qasımlıdır.
Rəyçi – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının rəhbəri, hüquq elmləri doktoru, professor, Fövqəladə və səlahiyyətli səfir Namiq Əliyevdir.
Kitabla tanış olan, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sosial mədəni fəaliyyət” kafedrasının və Bakı Dövlət Universitetinin «Fəlsəfə tarixi və kulturologiya» kafedrasının müəllimi, kommunikasiya üzrə məsləhətçi, f.ü.f.doktorluq dərəcəsinə iddiaçı Elçin Sərdarov “bu kitab, həm Pakistan mədəniyyəti ilə İslam Ölkələrinin İqtisadi Əməkdaşlıq Təşkilatının Pakistanın Kvetta şəhərində keçirilmiş sessiyasında məlumatlandırma işində iştirak etmiş bir jurnalist və etika üzrə pedaqoq kimi mənə və tələbələrimə çox maraqlı və tarixi ekskurs baxımından faydalı idi. Xüsusən də, kitabda yer almış Pakistanın tarixi, Qəznəvilər dövründə böyük klassiklər Firdovsinin “Şahnamə”si, Nizami Gəncəvinin “Xəmsə”sinin Pakistanda geniş yayılması, Muğal imperatorluğu, Pakistanın Azərbaycan və digər xarici dövlətlərlə siyasi — mədəni əlaqələri, Kəşmirdə sülh və s.məsələləri ilə bağlı yazılar və məqalələrlə tanış olmaq və bu ölkəni özümüz üçün yenidən kəşf etmək” – fikirilə bölüşdü.