Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Hövsan qəsəbəsi bələdiyyəsinin, “Qırmızı Ürəklər” fondunun, «Saipem», “Bahar Energy” şirkətlərinin əməkdaşlarının, Aqrar İnkişaf könüllülərinin və ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Hövsan sahilində iməcilik keçirilib.
Aksiya çərçivəsində ümumilikdə 4 ha sahədən 1,2 tondan artıq məişət tullantısı təmizlənərək ərazidən daşınıb.
Sevindiricidir ki, bu gün sahil zonasında istirahət edən sakinlər də aksiyaya qoşulub.
“Təmiz ölkəm” aksiyası çərçivəsində növbəti iməciliklər, həmçinin, Hacıqabul gölünün ətrafında və Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində, Lənkəran rayonunun Osaküçə, Tovuz rayonunun Kirən, Sabirabad rayonunun Sabirabad, Xızı rayonunun Giləzi, Xaçmaz rayonunun Xudat, İsmayıllı rayonunun Qalınçaq, Şəki rayonunun Layısqı, Zaqatala rayonunun Əliabad, İmişli rayonunun 6 saylı, Göygöl rayonunun Hacıkənd, Masallı rayonunun Masallı, Bərdə rayonunun Soltanbud-2, Şəmkir rayonunun Şəmkir və Oğuz rayonunun Oğuz meşəbəyliklərində təmizlik aksiyaları keçirilib.
Nazirlik ətraf mühitin mühafizəsinə qayğı və dəstək göstərən bütün tərəfdaş qurumlara, vətəndaşlara, gənclərə təşəkkür edir, hər kəsi tullantıların düzgün idarə olunmasını təbliğ etməyə, təmizliyə riayət etməyə çağırır.