Noyabr ayının 21-də Bakıda keçirilən COP29-un “Təbiət və Biomüxtəliflik” tematik proqrama uyğun olaraq İDEA, Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) -un Qafqaz regional proqramlarının, WWF Azərbaycan ofisinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Dəyişən iqlim şəraitində bəbirlərin gələcəyini təmin etmək” tədbiri keçirildi. Bu haqda GreenPen.az-a WWF Azərbaycan-ın COP29 üzrə kommunikasiya koordinatoru Elçin Sərdarov məlumat verdi.
Tədbirdə WWF-in Qafqaz proqramının regional direktoru Qeorqi Sanadiradze qonaqları səmimi salamladıqdan və tədbirin məqsədləri ilə tanış etdikdən sonra sözü Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün – İDEA-nın təsisçisi Leyla Əliyevaya verdi.
Leyla xanım, Azərbaycanın “Qırmızı kitaba” daxil olan nəsli kəsilməkdə olan bəbirlərin mühafizəsi sahəsində İDEA-nın Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) ilə əməkdaşlığından danışaraq, iqlim dəyişiklərin bəbirlərə də təsir edildiyini qeyd etdi və təbiətin qorunması sahəsində əməli işlərin davam edilməsinin vacibliyini vurğuladı.
WWF – Azərbaycan — ın direktoru Elşad Əsgərov “Cənubi Qafqazda bəbirlərin qorunması” layihəsi çərçivəsində İDEA və Ekologiya və Təbii Sərvətlət Nazirliyi ilə birgə görülən işlərdən, nəsli kəsilməkdə olan bəbirlərin ekosistemin davamlılığına faydasından, onların hal-hazırda Talış dağlarında (Lənkəran, Astara və Lerik rayonlarında), Zəngəzur (Kiçik Qafqazın cənub-şərq hissəsində (Zəngilan, Qubadlı rayonlarında), Qarabağ və Naxçıvan dağlarında (Zəngəzur mahalının Naxçıvana aid olan hissəsində), Acınohur ərazisində qeydə alındığı haqqında məlumat verdi və digər unikal fauna növlərlə birgə bəbirin də bir unikal bioloji sərvət olaraq mühafizə olduğunu qeyd etdi və biomüxtəlifliyin qorunması sahədə gənc nəslin ekoloji təhsil düşərgələrində maarifləndirilməsi təşəbbüslərindən bəhs etdi. Tədbirin qonaqları WWF tərəfindən fotovspışkalarla çəkilmiş bəbirlər, ceyranlar, bizonlar və digər növlərin həyatı haqqında çarxa böyük maraq göstərdilər.
Tədbirdə Prezidentin köməkçisi Anar Ələkbərov, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın təsisçisi Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi, WWF-international-ın Avropa və Şimali Afrika üzrə direktoru Ajay Barai, WWF, KFW və Almaniya Əməkdaşlıq təşkilatlarının dəstəyi ilə həyata keçirilən “Qafqazda Eko-Dəhliz” proqramının baş texniki məsləhətçisi Yerney Stritih, WWF-in təbiəti mühafizıə üzrə regional meneceri Maka Bitsadze və başqaları iqlim dəyişikliyinin biomüxtəlifliyə təsirləri, icmalarla iş, əhalinin məlumatlandırılması sahəsində görülən işlərlə bağlı çıxışlar etdilər.