“Iki böhran — bir həll. Qafqaz regionunda biomüxtəliflik və iqlim əlaqəsi“
Noyabr ayın 18-də BMT İqlim Dəyişikliyi Konfransında (UNFCCC COP 29) “Iki böhran — bir həll. Qafqaz regionunda biomüxtəliflik və iqlim əlaqəsi“ adlı tədbir keçirilib. Tədbirdə WWF International-ın İqlim və Enerji üzrə qlobal rəhbəri, IUCN İqlim Böhran Komissiyasının müvəqqəti sədri Dr. Manuel Pulqar-Vidal, Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) dövlət katibi Dr. Jochen Flasbarth, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, WWF-nin Qafqaz Proqram Ofisinin regional direktoru Giorgi Sanadiradze “İqlim dəyişikliyi üçün Ekoloji Regional Mühafizə Planından istifadə, regionda təsirin azaldılması və uyğunlaşması”, KfW İnkişaf Bankının baş portfolio meneceri Frank Mörschel “Ekoloji Regional Mühafizə Planı BMZ/KfW-nin investisiya təlimatı kimi bölgədə biomüxtəlifliyin qorunması, bölgədə iqlim dəyişikliyinin azaldılması və uyğunlaşması”, Ekoloji Dəhlizlər Fondunun (ECF) baş texniki məsləhətçisi Jernej Stritih “Dayanıqlı icmalar və ekosistemlər üçün Ekoloji Dəhlizlər”, WWF Qafqaz Proqram Ofisinin regional mühafizə meneceri Maka Bitsadze “Biomüxtəliflik və İqlim üzrə tərəfdaşlıq” mövzularında təqdimatlarla çıxış etdilər.
Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin dövlət katibi Yoxen Flasbart ölkəsinin Cənubi Qafqazda təbiətin mühafizəsi və biomüxtəliflik səylərini dəstəkləməkdə maraqlı olduğunu bildirib. O, bu yaxınlarda Kolumbiyada keçirilən BMT-nin biomüxtəliflik konfransına və COP29-un iqlim dəyişikliyinin həllinə potensial töhfələrinə istinad edərək biomüxtəlifliyin qorunmasının əhəmiyyətini vurğuladı.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Qafqazın biomüxtəlifliyinin zənginliyini vurğulayaraq, Azərbaycanın mühüm rol oynadığını, regionun florasının 80%-nin onun ərazisində olduğunu qeyd edib. Vüqar Kərimov iqlim dəyişikliyinin biomüxtəlifliyə təsirindən danışıb, bunun ekosistemlərin tarazlığını pozduğunu vurğulayıb. O qeyd edib ki, iqlim dəyişikliyinin azaldılması biomüxtəlifliyin qorunmasına və təbiətin qorunmasına töhfə verə bilər.
WWF-nin Qafqaz Proqram Ofisinin regional direktoru Giorgi Sanadiradze növlərin, meşə ekosistemlərinin və bioloji resursların mühafizəsi üzrə onun mərhələlərini və səylərini təfərrüatlandıran “İqlim Dəyişikliklərinin Azaldılması və Uyğunlaşması üçün Eko-Regional Mühafizə Planı”nı təqdim edib.
Tədbirdə həmçinin Ekoloji Dəhlizlər Fondunun Baş Texniki Məsləhətçisi Jernej Stritih tərəfindən davamlı icmalar və ekoloji dəhlizlər müzakirə edilən təqdimat da olub. 2015-ci ildən 2034-cü ilə qədər olan layihə 20-dən çox icma ilə əməkdaşlıq yolu ilə on minlərlə hektar ərazini qorumağı hədəfləyir. Sessiya Cənubi Qafqazda biomüxtəlifliyin, dekarbonizasiyanın və ekosistemin qorunmasının dəstəklənməsində tədqiqatların, investisiyaların əhəmiyyəti və özəl sektorun rolu ilə bağlı müzakirələrlə yekunlaşıb.
WWF Qafqaz Proqram Ofisinin regional mühafizə meneceri Maka Bitsadze “Biomüxtəliflik və İqlim üzrə tərəfdaşlıq”-la təqdimatında Qafqaz ölkələrində həyata keçirilən biomüxtəlifliklə bağlı layihələrin iqlim dəyişmələrinə təsirləri və ona adaptasiyasına aid fikirləri ilə bölüşərək bu sahədə yerli və beynəlxalq tərəfdaşlığın rolununu vurğuladı.
Tədbirin sonunda WWF Azərbaycan-ın rəhbəri Elşad Əsgərov və Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Alius Antulis arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən tərəflər regionlara su təminatı, ətraf mühitin mühafizəsi və yerli icmalara dəstək istiqamətində layihələr üzrə əməkdaşlıq edəcəklər.
“Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Alius Antulis bildirib ki, Carlsberg Group-un “Birlikdə SIFIRA doğru və daha İrəli” dayanıqlı inkişaf strategiyası Azərbaycanda da icra olunur: “Strategiya çərçivəsində 2015-2023-cü illərdə su sərfiyyatı 21.3%, karbon tullantıları isə 18.1% azaltmışıq. Ətraf mühitin mühafizəsi və yerli icmalara dəstək hər zaman bizim üçün əsas prioritetdir. WWF-Azerbaijan ilə əməkdaşlığımız da “Birlikdə SIFIRA doğru və daha İrəli” strategiyasında nəzərdə tutduğumuz hədəflərə çatmaqda bizə dəstək olacaq. İnanıram ki, dəyərli tərəfdaşlarımızın peşəkar yanaşması və bizim investisiyalarla Azərbaycanda ətraf mühitin qorunmasına töhfə verəcəyik”.
Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov isə “Carlsberg Azerbaijan” şirkəti ilə əməkdaşlıqdan məmnunluq duyduqlarını vurğulayıb: “Bu bizim təşkilatın Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə biznes sektorla imzaladığımız ilk belə sənəddir. Əminəm ki, əməkdaşlığımız çərçivəsində yerli icmalara dəstək göstərməklə onların təbiətlə harmoniyada yaşamasına nail olacağıq”.
Anlaşma memorandumu 3 il müddətinə imzalansa da, tərəflər uzunmüddətli əməkdaşlıqda maraqlıdırlar.
Elçin Sərdarov