Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutuna Maarifçi QHT-lərin informasiya turu təşkil edilib

E.Sərdarov

Foto: Elnur Elçin oğlu, GreenPen.az

 

Təhsil Nazirliyinin və “Yaşıl qələm” Müəllimlərin və jurnalistlərin Təhsil şəbəkəsinin təşəbbüsü ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutuna Maarifçi QHT-lərin informasiya turu təşkil edilib.

İnfoturun məqsədi — Maarifçi QHT-ləri Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun fəaliyyəti ilə tanış etmək və  təhsilin keyfiyyətinin inkişafı istiqamətində İnstitutla əməkdaşlıq perspektivlərini müzakirə etmək idi. İnfoturun əvvəlində QHT-lərə İnstitutun yerləşdiyi ərazidə institut əməkdaşları, müəllimlər və qonaqlar tərəfindən əkilmiş ağaclar və güllər nümayiş  edildi. Həmçinin, qonaqlar İnstitutun ibtidai sinif müəllimləri üçün yaradılmış “Təməl” Mərkəzi və ingilis dili müəllimləri üçün British Council tərəfindən yaradılmış Resurs Mərkəz ilə tanış oldular.

Tədbirdə təqdimatla çıxış edən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor əvəzi  Vəfa Yaqublu İnstitutun yeni strukturu və fəaliyyəti ilə bağlı məlumat verdi. İnstitutun direktoru bildirdi ki,  bugünkü dəyişikliyin məqsədi təhsil işçiləri üçün daha çevik, səmərəli və ehtiyaclara uyğun ixtisasartırma, təkmilləşdirmə və stajkeçmə proqramları təklif etməkdir.  İndi institutun fəaliyyət istiqamətləri ixtisasartırma təlimlərinin məzmun standartlarını hazırlamaq, müxtəlif əlavə təhsil və ali təhsil müəssisələri tərəfindən hazırlanmış ixtisasartırma proqramlarını qiymətləndirmək, keçiriləcək təlimlərin keyfiyyətinə nəzarət etmək, müdavimlərin yekun qiymətləndirilməsini aparmaq, ixtisasartırma sahəsində innovativ yanaşmaları təhlil etmək və pilot layihələr hazırlamağı əhatə edir.  Onun verdiyi məlumata görə, İnstitutun həyata keçirdiyi pilot layihələr üçün hədəf qrupu ibtidai sinif müəllimləridir. “Müəllimlərin səriştəsinin artırılması bizim üçün prioritet sahədir” – Vəfa xanım Yaqublu dedi. Bu məqsədlə İnstitutda ibtidai sinif müəllimləri üçün “Təməl” Resurs mərkəzi yaradılıb. 

TİPİİ-nin direktoru İnstitut tərəfindən həyata keçirilən layihələr və tədbirlər haqqında məlumat verdi. Müəllimlərin rəğbətini qazanan layihələr və seminarlar arasında idtidai sinif müəllimləri və məktəb direktorları üçün təşkil edilmiş yay məktəblərini, “Peşəyə giriş” təlim-seminarını, “Reflektor müəllim” – müəllimlərin şəbəkələşməsi təşəbbüsü, müəllimlərin özünüqiymətləndirmə e-vərəqəsi ilə bağlı işləri, bakalavr və magistr tələbələri üçün “Peşəkar ol”, “Oynayaraq öyrənək”, “Project every one” və “Həmkara dəstək” kimi layihələri, bölgə məktəb psixoloqları üçün skayp və face to face seminarların keçirilməsini qeyd etmək olar.

Müəllimlərin Peşəkar İnkişafı İnstitutu UNESCO-nun Assosiativ məktəblər şəbəkəsinin üzvüdür. İnstitut Avropa Şurasının təhsil layihələrini, Pestalotsi Proqramı ilə maraqlanır. Bu yaxınlarda Britaniya Təhsil Şurası (British Council) ilə əməkdaşlıq çərçivəsində İnstitutda ingilis dili müəllimləri üçün resurs mərkəzi açılıb. Mərkəzdə bu beynəlxalq təşkilat tərəfindən təqdim edilmiş 175 adda dərs vəsaiti və öyrədici materiallar müəllimlərimizin faydalanması üçün yerləşdirilib.

Uğurlu tədbirlərdən İnstitut tərəfindən Avropa Birliyi və Avropa Şurasının Şərq Tərəfdaşlıq Proqramı, Demokratik və insan hüquqları tədrisi sahəsində xarici ekspertlərin iştirakı ilə keçirilmiş seminarları, Təhsil İnstitutunun təşəbbüsü və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Sinqapurun Milli Təhsil İnstitutu tərəfindən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda “Erkən yaş təhsili proqramı” adlı keçirilmiş təlim kursunu, Pedaqoji Universitetin müəllim və tələbə heyəti üçün “Müasir təhsil fəlsəfə”si ilə bağlı seminarları da göstərmək olar.

Tədbirdə Müəllimlərin təlim ehtiyaclarının qiymətləndirilməsi məqsədi ilə sorğuların keçirilməsi, məktəbəhazırlıq qruplarda istifadə üçün didaktik oyunlar kataloqu hazırlanacağı, Pedaqoji Kolleclə memorandum əsasında görüləcək tədbirlər və ADA Universiteti ilə birgə müəllimlər və valideynlər üçün konfransların və seminarların keçirilməsi haqqında məlumat verildi.

İnformasiya görüşündə vətəndaş birliklərin nümayəndələri qarşısında çıxış edən Təhsil Nazirliyinin əməkdaşı Elçin Sərdarov Maarifçi QHT-ləri  ay ərzindəki təhsil  yenilikləri ilə tanış etdi. O, “ADA” UniversitetiABŞ-ın Azərbaycandakı səfirliyi və ABŞ Təhsilli Məzunlar İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda “Beynəlxalq Təhsil Həftəsi-2017” simpoziumu, «Məktəblinin dostu» pilot layihəsinin əməkdaşları üçün maliyyə savadlılığının artırılması istiqamətində təlimləri, Təhsil Nazirliyi “Məktəbəqədər təhsilin kurikulumu” sənədinin layihəsinin ictimai müzakirəsi, Heydər Əliyev Mərkəzində “SABAHın məzunu” mərasimi, “Ədəbiyyat biliciləri” müsabiqəsinin qaliblərinin mükafatlandırılması, “Bizim müəllim” layihəsi,  müəllimlərin yer dəyişməsi işinin uğurla başa çatması, Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması haqqında məlumat verdi. Tədbir iştirakçıları həmçinin, Pakistan İslam Respublikasının Lahor İdarəetmə Elmləri Universiteti Azərbaycan vətəndaşlarını 2017-2018-ci tədris ilində bu ali təhsil müəssisəsində təhsil almaq imkanları və Qazaxıstan Respublikasının Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universiteti 2017-2018-ci tədris ili üçün Qrant Proqramı haqqında məlumatlandırıldılar.

Tədbirdə çıxış etmiş “Simurq”  Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri , professor Fuad Məmmədov Müəllimlərin Peşəkar İnkişafı İnstitutuna işlərində uğurlar arzu edərək, cəmiyyətimizə faydalı olacaq ağıllı və yüksək mədəniyyəti olan kadrları müəllimlərin peşə hazırlığına və ölkəmizin dövlət idarəetmə strukturlarına cəlb edilməsini töysiyyə etdi.

Təlim və İnkişaf Mərkəzinin (TGC) direktoru Telman Yolçıyev  həyata keçirilən layihələrin səmərə verəcəyini vurğulayaraq, İnstitutun  British Council ilə birgə müəllimlərin ingilis dilinin hazırlığı və resurs bazalarının gücləndirilməsi sahəsində işlərini dəyərləndirdi.

Gənc Alim, Aspirant və  Magistrlər cəmiyyətinin sədri İlqar Orucov müəllimlərin daha da peşəkar olmaları üçün geniş fəaliyyət göstərmələrini və ibtidai müəllimlər hazırlayan institutların və  pedaqoji kolleclərin müəllimlərinin bilik və bacarıqlarının artırılması istiqamətində səylərinin gücləndirilməsini arzuladı.

“Biz İnstitutda olmağımız və onun fəaliyyəti ilə tanış olduğumuz üçün şadıq. İstərdik, İnstitutla əməkdaşlıq edək və müəllimlər üçün Sizinlə birgə həssas qruplarla işə aid seminar keçirək”- bu təklifi Respublika Hemofiliya Assosiasiyasının sədri Gülnarə Hüseynova verdi. 

İnstitutla əməkdaşlıq təcrübəsi olan “Yaşlıların təhsili” Assosiasiyasının sədri Azər Ramazanov İnstitutla həyata keçirilən layihələrin müəllimlərin peşəkar inkişafına müsbət təsir edəcəyini bildirərək, bu sahədə işləri bölgələrdə də daha fəal aparmağını təklif etdi.

İnfoturda “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, professor Fuad Məmmədov, Gənc Alim, Aspirant və Magistrlər cəmiyyətinin sədri İlqar Orucov, “Yaşlıların təhsili” Assosiasiyasının sədri Azər Ramazanov, Təlim və İnkişaf Mərkəzinin direktoru Telman Yolçıyev, AMEA Mərkəzi Kitabxanasının beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü, «Müasir İnkişaf» ictimai birliyinin nümayəndəsi Amil Eyvazov, Respublika Hemofiliya Assosiasiyası ictimai birliyinin sədri Gülnarə Hüseynova, “Yaşıl qələm” Müəllimlər və Jurnalistlər Şəbəkəsinin, “Bir” tələbə-könüllü proqramının tələbələri və digər nümayəndələr iştirak ediblər.   

Tədbirə informasiya dəstəyi AZƏRTAC  və GreenPen.az tərəfindən göstərilib.

Responses are currently closed, but you can trackback from your own site.

Comments are closed.