“Gənclərin turizm bacarığının formallaşmasında coğrafi biliklərin rolu” mövzusunda dəyirmi masa alimləri, müəllimləri və tələbələri yeni ideyalar ətrafında birləşdirdi 

Aprel ayının 27-də Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə “Gənclərin turizm bacarığının formalaşmasında coğrafi biliklərin rolu” mövzusunda dəyirmi masa keçirildi.

Tədbirdə Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə “Uşaq -gənclərin turizminin inkişafında müasir tələblər və yanaşmalar” mövzusunda təqdimatla çıxış etdi.

Dəyirmi masada Azərbaycan Milli Elmlər Akademiyası H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Turizm və rekreasiya cografiyası” şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent  Zaur İmranlının “Azərbaycan regionların dayanıqlı inkişafında turizm təsərrüfatının əmək formalaşmasında təsiri”, Baku Dövlət Universitetinin Coğrafiya fakültəsinin coğrafiya üzrə fəlsəfə doktoru Vüqar Dərgahov “Azərbaycana gəlmə turizmi və onun problemləri”, Azərbaycan Milli Elmlər Akademiyası H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Azərbaycanın iqtisadi və siyasi coğrafiyası” şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Nəriman Paşayev “Azərbaycanda turizmin müasir inkişaf problemləri”, Azərbaycan Milli Elmlər Akademiyası H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun coğrafiya üzrə fəlsəfə doktoru, dosent, aparıcı elmi işçi Günəş Ağakişiyevanın “Turizmin davamlı inkişaf problemləri” mövzusularında elmi təqdimatları maraqla dinlənildi.

Müəllimlərin və dərnək rəhbərlərinin maraqlı diskussiyaya səbəb olan digər təqdimatlar arasında S.C.Pişəvəri adına Humanitar Fənnlər Gimnaziyasının müəllimi Cavid Əliyevin “Gənclərin turizmdə rolu”, Respublika Gənc Turistlər və Diyarşunaslıq Mərkəzinin əməkdaşı Alik Məmmədovun “Məktəbdənkənar və sinifdənxaric işlərdə uşaq və gənclərin formalaşmasında cografiya fənninin rolu”, Nəsimi rayon Samir Hacıyev adına 5 saylı orta məktəbin coğrafiya müəllimi Nənəxanım Mədətovanın “Turizmin inkişafında coğrafiyanın rolu”, Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin tələbəsi Leyla Hüseynovanın “Kənd turizmi və onun Azərbaycanda inkişaf etdirilməsi yolları” mövzularında müasir təcrübələri və şəraiti əks etdirən təqdimatlarla çıxış etdilər.

Dəyirmi masada Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyev, Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Etibar Bədəlov, Respublika Gənc Turistlər və Diyarşunaslar Mərkəzinin müdir müavini Səlimə Allahverdiyeva çıxış etdilər.

Tədbir zamanı iştirakçılara turizmin inkişafı, onun elmi və praktiki tərəflərindən məlumat verildi. Diskussiya zamanı ölkəmizin gözəl təbiətini və mədəniyyətini uşaqlara və gənclərə tanıtılmasında və ona doğma münasibətin aşılanmasında coğrafiya fənninin və bilgilərin rolundan, bu sahədə azərbaycan dilində daha çox tədris resurslarının olmasının vacibliyindən və müxtəlif məktəbdənkənar tədbirlərin dəstəklənməsinə ehtiyac duyulduğundan söhbət açıldı.

Tədbirin müzakirələr bölümündə çıxış edən Təhsil Nazirliyinin informasiya şöbəsinin institusional inkişaf üzrə koordinatoru Elçin Sərdarov məktəblərin elmi institutlarla əməkdaşlığı sahəsində Nazirliyin keçirdiri tədbirlərdən birini misal gətirərək 160 saylı məktəbdə və digər təhsil ocaqlarında H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun məktəblilərə çoğrafiya mövzusunda keçirdiyi maraqlı ustad dərslərini qeyd edərək, müəllimlər üçün milli və beynəlxalq təhsil resursları,  ekoloji təşkilatların elmiturizm və ekoturizm proqramlarından məlumat verdi.

 “Hər belə tədbirdə biz yeni məlumat əldə edirik, yeni əlaqələr qururuq. Məktəblilərin ekoloji turizmə çox böyük həvəsləri var. İdeyalarımızı reallaşdırmaq üçün çalışarıq Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə daha fəal əməkdaşlıq quraq, həmçinin, təhsil, elm və ekoloji təşkilatlarla əlaqələri inkişaf etdirək, müxtəlif müsabiqələrdə təşəbbüslərlə çıxış edək” —  Nəsimi rayon Samir Hacıyev adına 5 saylı orta məktəbinin coğrafiya müəllimi Nənəxanım Mədətova tədbirlə bağlı fikirləri bölüşərək dedi.

Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə tədbirdən razılığını bildirərək, bu formatda görüşlərin, forumların daha tez tez keçiriləcəyini bildirdi:

“Bu cür emli — pedaqoji dialoqun inkişafı  uşaq — gənclərin turizminin inkişafı üçün çox faydalıdır. Bu sahədə biz yerli və beynəlxalq təcrübəni öyrənirik, məktəblilər üçün İDEA təşkilatı ilə birgə ekoloji tədris proqramları, aqro düşərgələr, müzey həftələri təşkil edirik. Bu işlərə biz Bakı Dövlət Universitetinin, Turizm Universitetinin, “Sabah” qruplarının  tələbələrini cəlb edirik” — Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə vurğuladı.

GreenPen.az

Responses are currently closed, but you can trackback from your own site.

Comments are closed.