Bakı Dövlət Universitetinin insan resursları və hüquq şöbəsində kommunikasiya və inkişaf üzrə təlimçi-məsləhətçi, İngiltərənin PR üzrə Sertifikatlaşdırılmış İnstitutunun (CİPR) Peşəkar İnkişaf Proqramının məzunu, BDU-nun “Fəlsəfə tarixi və mədəniyyətşunaslıq” kafedrasının müəllimi, f.ü.f.d.iddiaçı Elçin Sərdarov tərəfindən “Kommunikasiya bacarıqları: imic, xarici və daxili kommunikasiya” mövzusunda şöbənin əməkdaşları üçün könüllü əsaslarla təlim keçirilib.
Təlimin iştirakçıları maraqlı oyun formatında tanışlıq və “Günəş” universal açar -texnikasından istifadə edərək “Kommunikasiya” anlayışını fəaliyyət sahəsi kimi dərindən anlamaq, assosiativ düşüncə, kreativlik və biliklərin strukturlaşdırılması bacarıqlarını təkmilləşdirmək, dəqiq və qısa fikir ifadə etmək bacarığını məşq etdirmək və təlimdən gözləntiləri aydınlaşdırmaq məqsədilə praktiki məşğələdə iştirak etdilər, “İmic”, “Brendinq”, “Reputasiya”, “Daxili kommunikasiya”, “Xarici kommunikasiya” ilə bağlı nəzəri məlumatları, keysləri və tövsiyələri dinləyib, müzakirə etdilər.
Bakı Dövlət Universitetinin insan resursları və hüquq şöbəsinin müdiri Məhluqə Efendiyevanın GreenPen.az-la bölüşdüyü fikirinə görə bu cür kommunikasiya təlimləri, xüsusən də, daxili kommunikasiya sahəsində təlimlər Universitetin şöbələrində daha çox keçirilməlidir. “Peşəkar təlimlər nəticəsində əməkdaşlar qaydaların daha məsuliyyətlə işlənilməsi, anlaşılma, əlaqələrin yaradılması və digər məsələlərdə öz bilik və bacarıqlarını təkmilləşdirəcəklər, bu isə ümumi işin gedişatına müsbət təsir göstərəcək” – Məhluqə xanım dedi. Öz növbəsində təlimçi-məsləhətçi Elçin Sərdarov məzunu olduğu Bakı Dövlət Universitetin rəhbərliyinə, insan resursları və hüquq şöbəsinin idarəetməsinə, təlim iştirakçılarına səmimi mühit yaratdıqlarına, təlimə yüksək peşəkarlıqla və kreativ yanaşdıqlarına görə təşəkkürünü bildirdi.
Təlimdə çıxış edən şöbə əməkdaşları da peşəkar inkişaf sahəsində fəaliyyətin və əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildirdilər.
İnformasiya dəstəyi: «Yaşıl qələm» Gənc Tədqiqatçılara və PR təşəbbüslərinə Dəstək Maarifçilik İB, greenpen.az saytı
E.Hacıbəy qızı





