Bu gün Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Dayanıqlı, İnklüziv və Sosial Siyasətin Konseptual Əsasları” mövzusunda elmi konfrans keçirib.
Konfransın açılışında qonaqları salamlayan Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru v.m.i.e. Yusif Ağayev Ulu öndər Heydər Əliyevin təməl qoyduğu siyasətinin davamı olaraq ölkə prezidenti canab İlham Əliyev tərəfindən insan inkişafı məqsədinin həyata keçirilməsi, enerji resurslardan əldə olunan gəlirlərin elm, təhsil, müasir texnologiyalar sahələrinə yönəndiyini qeyd edərək konfransın mövzusunun dayanıqlı, inklüziv və sosial siyasətin müasir cəmiyyətin mühüm çağırışlara cavab vermək baxımından olduqca aktual olduğunu vurğuladı. Yusif Ağayev ölkəmizdə elmə, təhsilə və gənclərə olan diqqət və qayğı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının prioritetləri sırasında olduğunu xüsusilə qeyd etdi. “Əminəm ki, bu konfransda aparılacaq elmi müzakirələr və fikir mübadilələri həm nəzəri biliklərin, həmçinin, praktiki yanaşmaların zənginləşməsinə mühüm töhfə verəcəkdir.” – o dedi.
Konfransda Türkiyənin, Kahramanoğlu Mehmetbey Universitetinin İktisadi və İdari Bilimlər Fakültəsin Dekanı, prof.Dr.Sefa Usta, Prof.Alla Tkaçenko, dos.Dr.Şölət Zeynalov, AMEA-nın müxbir üzvi, f.r.e.d. Rauf Qardaşov, Almaniyanın Martin Luther Halle – Vittenberq Universitetindən Dr.Turxan İsmayılzadə, Oxford Universitetindən, postdoktoral tədqiqatçı Dr.Azad Əlizadə, Polşanın Lodz Universitetindən Dr.Dadaş Guluzadə və başqaları çıxış ediblər.
Konfransda “Dayanıqlı inkişaf və rəqabətqabiliyyətli iqtisadiyyat”, “İnklüziv və sosial ədalətə əsaslanan cəmiyyət”, “İnsan potensialı və müasir innovasiyalar” mövzularında ayrı — ayrı sessiyalar təşkil edilmişdir.
“İnklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” mövzusunda sessiyası Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, f.f.d., dosent Xəyalə Məmmədovanın və f.f.d., dosent Zeynəddin Şabanovun moderatorluğu ilə keçirildi və görkəmli alimlərimizlə bağlı sosioloji-sosial fəlsəfi təhlillər, Azərbaycançılıq ideologiyası, insan təbiəti, ingilis dilinin tədrisində innovativ yanaşmalar, təhsildə rəqəmsal texnologiyalardan istifadəsində etik məsələlər və digər mövzularda maraqlı çıxışlarla yadda qaldı.
Konfransda “İnsan kapitalının inkişafında müasir innovasiyaların – rəqəmsal texnologiyaların, süni intellektin insanyönümlüyü və tətbiqi” mövzusunda çıxış edən Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşunaslıq Kafedrasının müəllimi, kommunikasiya səhəsində institusional inkişaf üzrə məsləhətçi Elçin Sərdarov GreenPen.az- a verdiyi məlumatda dahi siyasətçi Heydər Əliyevin ildönümünə həsr edilmiş Konfransın BMT-nin qlobal çağırışlarına, dayanıqlı inkişaf məqsədlərinə uyğun olduğunu qeyd edərək, çıxışında ədalətli humanizm, müasir dövrdə dünyanın qabaqcıl ölkələrində, eləcə də Azərbaycanda məktəblər üçün tədrisdə yeni texnologiyaların, xüsusilə də süni intellektin tətbiqini nəzərə alaraq, mətn, şəkillər, video, musiqi və kod yaratmaq üçün ChatGPT proqramlarından və digər generativ süni intellekt sistemlərindən səmərəli istifadə etməyi öyrənmək kimi məsələlərin aktuallığından, müəllimin yeni texnologiyalardan istifadəyə və təlim prosesində yaradıcı mühitə imkan verən yeni tədris strategiyası seçilməsinin vacibliyindən, müəllimlər üçün müvafiq peşəkar təlimlərin keçirilməsinin zəruri olduğundan, “STEAM”, “Gələcəyin alimləri” kimi layihələrinin gələcəyin tədqiqatçıları üçün faydalarını qeyd etdi.
E.Sərdarov Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun təhsillə iqtisadiyyat arasında düzgün körpünün yaradılması baxımından maarifləndirmə işlərinin aparılmalı olduğu, insan kapitalı haqqında məlumat təkcə yarışda qalmaq üçün deyil, həm də ölkənin iqtisadi inkişafına və rifahına müsbət təsir göstərməsini təmin etmək üçün zəruri elementi olduğu fikirləri ilə razı olduğunu bildirərək gələcəyin insanı olacaq bugünün uşaqlarının və gənclərin texnoloji zəngin və transformativ bir insanın yüksək emosional intellektli, mərhəmətli, ədalətli və xeyirxah qalması üçün müəllimlərin rolunun artacağını proqnozlaşdıraraq ona daha çox dəyər verilməsinə ümid etdiyini söylədi.
Konfrasda iştirak etmək üçün təşkilatı komissiyaya üç əsas bölmə üzrə 156 elmi məqalə təqdim edilib. 65 məqalə — dayanıqlı inkişaf və rəqabətqabiliyyətli iqtisadiyyat, 81 məqalə — inküziv və sosial ədalətə əsaslanan cəmiyyət, 10 məqalə isə insan potensialı və müasir innovasiyalar mövzularına həsr olunmuşdur. Konfransda xarici ölkələrdən 39 nəfər tədqiqatçı, alim, 107 yerli iştirakçı canlı, ölkənin regionlarından 17 nəfər iştirakçı onlayn formada iştirak ediblər.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektor v.m.i.e. Yusif Ağayevin fikiri ilə yekunlaşdıraraq qeyd etməliyik ki, bu göstərici bir daha sübut edir ki, seçilmiş mövzu müasir dövrün sosial-iqtisadi çağırışlarına cavab verən və geniş elmi maraq doğuran bir sahədir və Akademiyanın beynəlxalq və regional səviyyədə geniş elmi əməkdaşlıq potensialını göstərir. “Əminəm ki, bu elmi platforma yeni ideyaların formalaşmasına, beynəlxalq əməkdaşlıqların genişlənməsinə və gələcək birgə layihələrin həyata keçirilməsinə zəmin yaradacaq”- Akademiyanın v.m.i.e. rektoru bildirdi.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş konfranslar bu günlərdə Bakı Dövlət Universitetində, Mədəniyyət və İncəsənət Universitetində, Memarlıq və İnşaat Universitetində və digər təhsil müəssisələrində keçirilib.
E.Məmmədağa oğlu










