22 aprel “Yer günü” Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə tarixi və Mədəniyyətşunaslıq kafedrasının və Biologiya fakültəsinin təşəbbüsü ilə “Həsənbəy Zərdabinin insan və ətraf mühitlə bağlı fəlsəfi baxışları” mövzusunda tələbələrin və müəllimlərin iştirakı ilə seminar keçirildi.
Seminarın açılışında BDU-nun Biologiya fakültəsinin dekanı prof.Afət Məmmədova qonaqları salamlayaraq, Həsən bəy Zərdabinin təbiətşunaslıq elminə böyük töhfələr verdiyini bildirərək, onun “Torpaq, su və hava” adlı əsərini qeyd etdi. BDU-nun Fəlsəfə Tarixi və Mədəniyyətşunaslıq Kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova çıxışında Həsən bəy Zərdabinin həyat və yaradıcılığından, “Əkinci” qəzetində maarifçilik fəaliyyətindən və milli elmimizə, təhsilimizə və mədəniyyətimizə töhfələrindən bəhs edərək tələbələri görkəmli və fədakar maarifçimiz Zərdabinin həyat yolu və təbiətşunaslıqla bağlı əsərləri ilə dərindən tanış olmağını və görkəmli alimlərimizin, maarifçilərimizin ölkəmiz üçün miras qoyduqları elmi əsərləri öyrənməyi, milli mədəni dəyərlərimizi qorumağı tövsiyə etdi.
Seminarda təqdimatla çıxış edən BDU-nun Fəlsəfə Tarixi və Mədəniyyətşunaslıq Kafedrasının müəllimi, tədqiqatçı – jurnalist, f.ü.f.d. iddiaçı Elçin Sərdarov “Həsən bəy Zərdabinin cəmiyyətin ekoloji təfəkkürün formalaşdırılmasında elmi-publisistik fəaliyyəti” mövzusunda təqdimatla çıxış etdi. Təqdimatda Həsən bəy Zərdabinin təhsildə, elmdə və ictimai fəaliyyətlərində uğurları, “Cəmiyyəti-Xeyriyyə” təşkilatındakı fəaliyyəti, “Əkinçi” qəzetində dərc edilmiş “Torpaq, su və hava” ,” İnsanın həyatında işıq”, “Gigiyena”, “Təbii seçmə” və “İnsanın mənşəyi” əsərləri, “Çiçəklərin və ağacların əkilməsi bayramı”, “Bakı quberniyasının Quba qəzasının su hövzəsi kimi əhəmiyyəti haqqında” məqalələri haqqında məlumatlar öz əksini tapdılar. Seminar zamanı tələbələr Zərdabinin təbiətlə insanın arasında harmoniyanın olması, meşələrin və içməli suların qorunmasına aid müdrik kəlamlarını yada saldılar, müasir dövrdə ölkəmizdə təbiətin mühafizəsinə göstərilən dövlət qayğısı, Zaqatala Dövlət Təbiət Qoruğu (Zaqatala, Balakən rayonları), Şuşanın təbiəti (“Xarı bülbül”gülün tarixçəsi), Milli Parkların (Qusar, Quba rayonları), Hirkan Milli Parkı (Astara, Lənkəran rayonları), Göygöl Milli Parkı (Göygöl, Daşkəsən, Goranboy rayonları) ilə bağlı fotoşəkillərlə tanış olub, diskussiyalarda içtirak etdilər. Biologiya fakültəsinin tələbələri Əsmər Məmmədova, Mədinə Əlyeva və başqaları sual-cəvab sessiyasında və seminarın loqistik dəstəyində fəal iştirak etdilər.
22 aprel “Yer günün” 2025-ci ildə Bizim Gücümüz, planetimizdir və 2030-cu ilə qədər təmiz elektrik enerjisini üç dəfə artıra bilmək üçün hamını bərpa olunan enerji ətrafında birləşməyə çağırışına qoşulması, icmalarımızın maarifləndirilməsi, təbliğ və səfərbər edilməsi, «Yer Günü» üçün GreenPen.az-a («Yaşıl qələm») təhsil şəbəkəsinə qoşularaq ağac və güllərin əkilməsi, milli parklara səfərlərin təşkili, plastik tullantılardan imtina edilməsi, enerjidən gənaətli istifadə edilməsi, içməli su mənbələrini çirkləndirmədən qorunması, evlərin, məhəllələrin və küçələrin təmiz saxlanılması, ekoloji təbliğat işlərində fəallığın nümayiş etdirilməsi və sosial mediada tədbirlərin təşviqi ilə bağlı təkliflər verildi.
Tədbirdə BDU-nun Biologiya fakültəsinin dekanı prof.Afət Məmmədova, BDU-nun Fəlsəfə Tarixi və Mədəniyyətşunaslıq Kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova, Biologiya fakültəsinin dekan müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Kəmalə Əsədova, BDU-nun Fəlsəfə Tarixi və Mədəniyyətşunaslıq Kafedrasının müəllimi, f.ü.f.d., dosent Sevinc Misirxanova, BDU-nun Fəlsəfə Tarixi və Mədəniyyətşunaslıq Kafedrasının müəllimi, tədqiqatçı – jurnalist, f.ü.f.d. iddiaçı Elçin Sərdarov, biologiya fakültələrin tələbələri iştirak ediblər.




