«Jurnalistika, televiziya və radiojurnalistika yolunu seçən şagirdlər müasir dövrdə çox maraqlı və dinamik işlə məşğul olacaqlarına hazır olmalıdırlar. Bunun üçün çoxlu kitab oxumalı, müxtəlif peşəkarların təcrübələri ilə tanış olmalı, öyrənməli və praktiki məşqlərə hazır olmalıdırlar» — bunu Novruz Bayramı ərəfəsində T.İsmaylov adına 6 №li məktəb — liseydə Elm və Təhsil Nazirliyinin «Təhsildə İnkişaf və İnnovasiyalar » VII qrant müsabiqəsinin dəstəyi ilə həyata keçirilən «Məktəb jurnalistika» Layihəsinin «Səsli xəbərlərin hazırlanması» ilə bağlı təlimi zamanı tanınmış telejurnalist və pedaqoq Lamiya Vəzirova dedi. Bu təlim kursunda peşəkar təlimçilər və ekspertlər məktəb-liseyin mətbuat mərkəzinin fəallarına səsli xəbərlərin hazırlanması, müasir texnikalar, səsin düzgün yazılması, peşəkarlıq və səsin təşviqi kimi sahələr haqqında məlumat verdilər, şagirdlərlə praktiki məşğələlər keçirdilər, onların suallarını cavablandırdılar.
Təlim zamanı Layihənin təşəbbüskarlarından biri, təlimçi və ictimaiyyətlə əlaqələr üzrə məsləhətçi, beynəlxalq jurnalistika sahəsində pedaqoq Elçin Sərdarov məktəblilərin bu layihə çərçivəsində mediatəhsil və məktəb jurnalistikası sahəsində bilik və bacarıqların artırdıqlarını, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf olunduğunu qeyd edərək, istedadlı şagirdlər arasında konvergent jurnalistika dövründə öz fərdi layihələri üzərində də çalışa bilməli olduqlarının vacibliyini qeyd etdi. «Biz — jurnalistlər və müəllimlər sizə — şagirdlərə yeni mediaplatformalarından istifadə etmək bacarıqlarına yiyələnməyi və gələcəkdə seçəcəyiniz media ixtisasları üzrə davamlı işləməyi və peşəkar olmağını arzulayırıq»- L.Vəzirova dedi.