Qusar Rayon Mərkəzi Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı qeyd olunub.
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Qusar rayon Mərkəzi Xəstəxanasında 17 İyun-Tibb İşçilərinin Peşə Bayramı münasibətilə tibb müəssisəsinin rəhbərliyinin, tibb və qeyri-tibb işçilərinin iştirakı ilə tədbir keçirilib.
Bu haqda GreenPen.az saytına Qusar rayon Mərkəzi Xəstəxananın tibbi statistika şöbəsinin müdiri, Qarabağ müharibəsi zamanı hərbi tibb işçisi, polkovnik Kərim Sərdarov məlumat verib.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb. Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin və pandemiya dövründə dünyasını dəyişmiş tibb işçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Qusar rayon Mərkəzi Xəstəxanasının direktoru, Tibb üzrə fəlsəfə doktoru Kamil Hacıyev öz çıxışında Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunduğu bildirib.
K.Hacıyev Peşə Bayramı münasibətilə həmkarları səmimi qəlbdən təbrik edərək, hər bir həkimin gündəlik fəaliyyətində ölkəmizdə səhiyyə sisteminin inkişafına, insan sağlamlığının qorunmasına, minlərlə həyatın xilasına töhfə verdiyini vurğulayaraq, onların fədakar əməklərinin, peşəkar yanaşmalarının və insanlara göstərdikləri qayğının bu peşəni digər sahələrdən fərqləndirən əsas dəyərlərdən biri olduğunu bildirdi.
Daha sonra tədbirdə çıxış edən Qusar rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əjdər Ağacanov, Direktorun inzibati məsələlər üzrə müavini Zamin Bayramov, Qusar Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri Natavan Butayeva, Ümumi şöbə müdiri Babacan Zəkiyev və digər tibb işçiləri səhiyyə ocağında çalışan tibb və qeyri-tibb personalını peşə bayramı münasibətilə təbrik edərək, öz ürək sözlərini kollektivə çatdırıb.
Tədbirin sonunda Qusar rayon Mərkəzi Xəstəxanasında çalışan tibb işçilərinin peşə fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
GreenPen.az-ın yaradıcı heyəti doğma Azərbaycanımızın bütün tibb işçilərini peşə bayramı günü münasibətilə səmimi təbrik edir, onlara sülh, can sağlığı və sevinci günlər arzulayır!
Nuran Elçin oğlu







