Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti , İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universiteti ilə birgə “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” mövzusunda 11 aprel 2025-ci il tarixində beynəlxalq elmi konfrans keçirib.
XXI əsrdə süni intellektin tətbiqi ictimai və iqtisadi baxımdan avtomatlaşdırmanı artırır, əmək bazarına, səhiyyəyə, dövlət idarəçiliyinə, sənayeyə, təhsilə, təbliğat və dezinformasiyaya nüfuz edərək verilənlərin, həmçinin süni intellekt sistemlərinin müxtəlif iqtisadiyyat sektorlarına və həyat sferalarına inteqrasiyası əsasında qərar qəbuluna təsir göstərir. Bu məqam ortaya süni intellektin uzunmüddətli təsirləri, etik nəticələri və riskləri ilə bağlı məsələlər qoyur və sözügedən texnologiyanın təhlükəsizliyini, həmçinin faydalarını təmin etməyə yönəlmiş tənzimləyici siyasətlər haqqında müzakirələrə səbəb olur.
Bu sahənin tədqiqatçıları verilənlərin toplanılması və emalı, statistika, süni neyron şəbəkələri, formal məntiq və digər yanaşmalar daxil olmaqla geniş spektrli metodları uyğunlaşdırmağa nail olublar. Süni intellekt həmçinin bir sıra humanitar elm sahələrində (dilçilik, fəlsəfə, sənətşünaslıq və s.) və incəsənətdə də istifadə edilir. Təşkil edilmiş konfransın məqsədi də “fizikləri və lirikləri” bir araya toplamaq, fikir mübadiləsinə şərait yaratmaq idi.
Konfransda süni intellektlə bağlı etik məsələlərdən tutmuş kibercinayətkarlığa kimi geniş spektrli məsələlər ətrafında müzakirəyə açıq olan yerli və xarici mütəxəssisləri, doktorant, dissertant və magistrantları iştirak ediblər. Konfrans aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərib:
1. Süni intellektin yaradıcılıq prosesində tətbiqi;
2. Süni intellekt və müəlliflik hüququ;
3. Süni intellektin mədəniyyətə təsiri;
4. Süni intellekt alətlərindən istifadənin ətraf mühitə təsiri;
5. Süni generasiya olunmuş məhsullar və cəmiyyətdə informasiya təhlükəsizliyi.