Qafqaz üçün Ekoregional Mühafizə Planı (ECP 2020) və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) biomüxtəliflik və iqlim dəyişmələri perspektivindən təhlili

Bugün WWF — Qafqaz Proqram Ofisi regionun zəngin biomüxtəlifliyi ilə iqlim dəyişikliyi arasındakı əlaqələrin qiymətləndirilməsi üçün apardığı tədqiqatın nəticələrinin təqdimatını Badamdar Hotels and Residence-də keçirdi.

Tədbirdə ətraf mühitin qorunması, elm və maarifləndirmə sahəsində çalışan ictimaiyyət nümayəndələrini salamlayan WWF — Azərbaycan ofisinin direktoru Elşad Əsgərov “Biomüxtəliflik və iqlim dəyişmələri”, Ekologiya və Təbii sərvətlər Nazirliyinin nümayəndəsi  Rəşad Allahverdiyev və Nərmin Babaşova “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr Sənədinin (NDC) yenilənməsi fəaliyyətləri”, Milli Konsultant Sevinc Saruxanova “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) sənədi üzrə aparılmış təhlillərin nəticələrinə ümumi baxış” və “Qafqaz üçün Ekoregional Mühafizə Planı (ECP 2020) sənədi üzrə aparılmış təhlillərin ümumi nəticəsi” mövzularında təqdimatları ilə çıxış etdilər.

GreenPen.az-a verildiyi məlumata görə, WWF — Qafqaz Proqram Ofisi regionun zəngin biomüxtəlifliyi ilə iqlim dəyişikliyi arasındakı əlaqələrin qiymətləndirilməsi üçün apardığı araşdırmada iki strateji sənəd əsas götürülmüşdür — Qafqaz üçün Ekoregional Mühafizə Planı (ECP 2020) və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC).

Araşdırma əsasında həmçinin müvafiq dövlət orqanlarının və mütəxəssislərin iştirakı ilə sorğular keçirilmişdir.

Tədqiqatın əsas məqsədi Cənubi Qafqaz regionunda biomüxtəliflik və iqlim dəyişmələri arasında qarşılıqlı əlaqəni öyrənmək, qlobal səviyyədə əhəmiyyətini təsvir etmək, habelə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) və Bioloji Müxtəliflik haqqında Konvensiyasından irəli gələn aktual məsələləri müəyyən etmək, regional və milli fəaliyyətləri dəstəkləmək üçün beynəlxalq əməkdaşlığın təkmilləşdirilməsi yollarını göstərməkdir.

Tədqiqat KfW vasitəsilə Almaniya hökuməti tərəfindən maliyyələşdirilmişdır.

Tədqiqatda Milli müəyyən edilmiş təhfələr (NDC 3.0) hesabatı 7 əsas bölmədən ibarətdir: 1) Ölkənin ətraflı iqlim fəaliyyəti , 2) Azərbaycanın Milli Konteksti, 3) İqtisadi Konteksti və Emissiya Profili, 4) Azərbaycanın Hədəfləri , Dekarbonizasiya yolları və Emissiyaların Azaldılması Planı, 5) Emissiyaların azaldılması Planının Həyata keçirilməsi, 6) Metodologiya, 7) Əsas məzmunu dəstəkləyən əlavə məlumatlar.

İqlim dəyişikləri ilə mübarizə və iqlim dəyişikliklərin bioloji müxtəlifliyə təsiri, Azərbaycanda iqlim dəyişmələrinin təsirlərinin azaldılması (mitiqasiya) və bu təsirlərə uyğunlaşma (adaptasiya) strategiyaları sahəsində ölkəmiz aşağıdakı konvensiyaları ratifikasiya etmişdir:

  • BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (1995)
  • BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Kioto Protokolu (2000)
  • Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına  əlavə olan Paris Sazişi (2016)
  • Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilmiş Doha əlavəsi (2015)
  • “Bioloji müxtəliflik haqqında” Konvensiya (2000)
  • Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya (1993)
  • Su bataqlıq əraziləri üzrə Konvensiya (Ramsar Konvensiyası) (2000)
  • Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya (CİTES) (1998)
  • Avropanın canlı təbiətin və təbii mühitinin qorunması haqqında Avropa Konvensiyası (1999)
  • Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası (2006).

Uyğunlaşdırma tədbirləri arasında ilkin təhlildə aşağıdakılar qeyd edilib:”Milli uyğunlaşdırma planın hazırlanması; İqlim dəyişmələrinin mənfi təsirlərinin aradan qaldırılması; Meşələrin bərpası və meşəsalma; Səhralaşma ilə mübarizə və biomüxtəlifliyin yaxşılaşdırılması; Su idarəetmə; Suvarmanın modernləşdirilməsi; suyun keyfiyyətin yaxşılaşdırılması; Kənd təsərrüfatına uyğunlaşma; İqlimə davamlı təcrübələrin təşviq edilməsi; Fəlakət Riskinin Azaldılması; Fəlakətə hazırlıq tədbirlərinin gücləndirilməsi; İctimai maarifləndirmə; İqlimə davamlığın təşviq edilməsi.

Təqdimatın müzakirələr bölümündə AMEA Rəyasət Heyəti aparatından biologiya elmləri doktoru, dosent Tubuxanum Qasımzadə, biologiya üzrə fəlsəfə doktoru Nigar Mürsəl qızı, Zoologiya İnstitutundan biologiya  üzrə elmlər doktoru, dosent Tahir Kərimov, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov, Azərbaycan Hidrometeorologiya Xidmətindən Nigar Mirkamilli və Mehriban Abbasova, biologiya üzrə fəlsəfə doktorları Nuri Mövsumova və Nigar Mürsəlqızı, ekoloq – hüquqşunas Samir İsayev, Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi Cabbar Qəribov, Ümumdünya Təbiəti Müafizə Fondunun — Qafqaz Proqramının (CauPO) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası, COP29 (Tərəfdaşlar Konfransı) hazırlıq üzrə kommunikasiya məsləhətçisi, “GreenPen.az” təhsil resursun rəhbəri Elçin Sərdarov və digər ekspertlər Cənubi iqlim və biomüxtəlifliyin əlaqəsi, Qafqazda milli və regional səviyyədə iqlim bioloji müstəvilik sinerjisinin əhəmiyyətinin tanınmasının dəstəklənməsi, ictimai maraq kəsb edən hüquqi, əhalinin və ekojurnalistlərin məlumatlandırması, icmaların səfərbər olunması, iqlim dəyişikliklərinə qarşı bioloji müxtəlifliyin qorunması sahəsində adaptasiya və mitiqasiya tədbirləri ilə bağlı suallar və təkliflər verdilər.