Azərbaycan ali təhsil müəssisələrinin sahibkarlıq üzrə professor-müəllim heyəti Stokholmda “Ali təhsilin Gücləndirilməsi proqramında” iştirak etdilər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin MBA (biznesin idarəedilməsi) proqramının və kulturologiya fakültəsinin sosial işin mədəniyyəti kafedrasının müəllimi, layihələr üzrə master, sertifikatlaşdırılmış təlimçi Elçin Sərdarov ADMİU-nun tərəfdaşı olan Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu, Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı Erasmus+ layihəsinin ali təhsil müəssisələrində institusional səviyyədə davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi məqsədi daşıyan 4-cü iş paketi çərçivəsində layihə konsorsiumun 11 Azərbaycan ali təhsil müəssisəsinin sahibkarlıq üzrə professor-müəllim heyəti ilə birgə “Ali təhsilin inkişaf etdirilməsi” adlı təlim proqramında 27 — 31 may 2024-cü il tarixində İsveçin Kral Texnilogiya Universitetində iştirak edib.
Kral Texnologiya Universitetində (KTH) 5 günlük təlim proqramı çərçivəsində təlim iştirakçıları təşkilati inkişafın gücləndirilməsində həm təşkilati, həm də fənn səviyyəsində təhsilin keyfiyyətini artırılması strategiyaları, təhsil keyfiyyətini yüksəltmək üçün səmərəli keyfiyyət təminatı proseslərinin həyata keçirilməsi, akademik heyətin təcrübələrini və tədris bacarıqlarını inkişaf etdirmək üçün təlim və dəstək xidmətlərinin vacibliyi, davamlı inkişaf məqsədlərinin və sahibkarlıq bacarıqlarının təhsilə inteqrasiyası, problem əsaslı öyrənmə imkanlarını artırmaq və təhsil xidmətlərini daha əlçatan etmək məqsədilə rəqəmsal texnologiyalardan istifadə, tələbələrin peşə bacarıqlarının inkişaf etdirilməsi üçün səmərəli və effektiv tədris təcrübələrindən istifadə etməklə təlim nəticələrinin təkmilləşdirilməsi metodlarının araşdırılması kimi mühüm mövzularda təqdimatlarla tanış oldular və maraqlı müzakirələrdə iştirak etdilər, öz komanda işlərini təqdim etdilər.
Təlimlər zamanı ADMİU-nun nümayəndəsi olaraq E.Sərdarov multikultural və ümumbəşəri dəyərlərə sadiq olan Azərbaycanın təhsildə və tədqiqat sahəsində uğurlar və imkanlardan, davanıqlı inkişaf sahəsində təcrübədən “Təhsil üçün Dayanıqlı inkişaf”, “Ali təhsilin gücləndirilməsi”, “Ali təhsildə rəqəmsal öyrənmə: rəqəmsal məzmununuzu pedaqoji və əlçatan etmək” və “Strateji tərəfdaşlıq”, “Tələbə fəallığı”na aid sessiyalarda və qrup müzakirələrində çıxışlar edib və elmi yazılar və digər sahələrdə gələcək əməkdaşlıqla bağlı təkliflər verib.
“Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini təmsil etdiyimdən və 28 may Azərbaycanın Dövlət Müstəqilliyi Günü beynəlxalq müəllimlər konsorsiumun üzvləri olan müəllim həmkarlarımla birgə bu tarixi günü Stokholmda qeyd etdiyimdən, Avropanın aparıcı texniki universitetlərindən biri olan Stokholmdakı Kral Texnologiya Universitetinin görkəmli professorlarının təqdimatlarını dinləmək və ali təhsil müəssisələrində institusional səviyyədə davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi ilə bağlı həmkarlarımla birgə təcrübə mübadiləsi etməyimdən çox qürurluyam” – Elçin Sərdarov dedi.
Təlim zamanı beynəlxalq təlimdə iştirak edən xarici ölkələrin nümayəndələri Universitetin kampusları və Stokholm şəhərinin görkəmli yerləri ilə tanış oldular.
Təlimlərin yekununda iştirakçılar KTH Universiteti tərəfindən sertifikatlarla təltif olundular.