Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı əsasında elan olunmuş 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Mədəniyyət: Problemlər və Perspektivlər” adlı doktorant və gənc tədqiqatçıların XVI Beynəlxalq elmi Konfransı keçirilib. Bu haqda GreenPen.az-a Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Elmi Yaradıcılıq Cəmiyyətinin sədri Ülkər Rzayeva məlumat verdi.
Azərbaycan Respublikasının Dövlət Himni ilə öz işinə başlayan konfransın plenar iclasını giriş sözü ilə ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru, dosent Sədaqət Əliyeva açaraq, rektor Ceyran Mahmudovanın salamlarını konfrans iştirakçılarına çatdırıb, rektorun və rəhbərliyin adından gənc tədqiqatçılara uğurlar arzulayıb. O qeyd edib ki, mədəniyyət xalqın mənəviyyatını təyin edən amillərdən biridir. Buna görə də bu sahədə gənc tədqiqatçıların araşdırmalarının böyük rolu var. Həmçinin, prorektor dövlət başçısının “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı sərəncamını qeyd edərək bildirib ki, sərəncamda Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi vurğulanıb. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Eyni zamanda, S.Əliyeva elmi konfransa müxtəlif yerli ali təhsil ocaqlarının gənc doktorant və dissertantları tərəfindən çox sayda məqalə daxil olduğunu, bu məqalələrin hər birinin həmin sahənin mütəxəssisləri tərəfindən diqqətlə oxunduğunu, redaktə edildiyini və nəticədə qəbul olunan məqalələrin bölmə iclaslarında təqdim olunacağını bildirib.
Plenar iclasda ADMİU-nun Sosial-mədəni fəaliyyət kafedrasının baş müəllimi Elçin Sərdarov «Həmrəylik, təmiz ətraf mühit və yaşıl inkişaf ideyalarının təbliğində sosial-ekoloji jurnalistikanın rolunun sosial və fəlsəfi anlayışı: Azərbaycan nümunəsi » , ADMİU-nun magistrantları Сəmil Əliyev «Müasir təsviri sənətdə süni intellekt», Mirzə Hüseynov «Unreal engine oyun mühərrikinin kinoda rolu», Aysel Həsənova «Yaşıl kitabxanalar: kitabxana -informasiya fəaliyyəti sahəsində yeni konsepsiya», Həsən Həsənov «Müasir musiqinin inkişafına texnologiyanın təsiri», Aysel Əmirova «Altay Sadıqzadənin yaradıcılığında qadın obrazının özünəməxsus bədii ifadəsi», Elnarə Mazandarova «Rəis Rəsulzadənin «Küri balıqçısı Cəfər Cəfərovun portreti» əsəri, Səriyyə Qurbanova «Uşaqların şəxsiyyət kimi formalaşmasında valideynlərin rolu», Aytən Qurbanova «Mədəni turizm regionun inkişafı üçün ən mühün resurslardan biri kimi» mövzularda digərlər magistrantlarla birgə çıxış ediblər.
Bölmə iclaslarında doktorant və gənc tədqiqatçıların məruzələri moderatorlar dos.Tamilla Əhmədova, dos.Səyavuş Məhişov, dos.Elnur Mehdiyev, dos.Aslan Xəlilov, dos.Gülnaz Rzayeva və digər mütəxəsisslər tərəfindən dinlənilib, suallar verilib və iştirakçıların məruzələri qənaətbəxş hesab edilib. Konfransın sonunda fəal gənc tədqiqatçılara sertifikatlar verildi.
Konfrans haqqında öz təəsüratları ilə GreenPen.az-la bölüşərkən tədqiqatçı və pedaqoq Elçin Sərdarov deyib: «Dəyərli, yaradıcı və səmimi müəllim-rəhbər-tələbə münasibətləri ilə seçilən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən «Yaşıl dünya naminə həmrəylik ili» , Mədəniyyət: problemlər və perspektivlər mövzusunda doktorant və gənc tədqiqatçıların XVI respublika elmi konfransında «Həmrəylik, təmiz ətraf mühit və yaşıl inkişaf ideyalarının təbliğində sosial-ekoloji jurnalistikanın rolunun sosial və fəlsəfi anlayışı: Azərbaycan nümunəsi » móvzusunda çıxış etmək və «Yaşıl dünya naminə həmrəylik ili”nə müəllimlər və magistrantlarda birgə töhfə vermək üçün bir tədqiqatçı və pedaqoq kimi çox şad oldum. Müasir mədəniyyət və incəsət sahələrində ekoloji aspektlər, süni intelekt, mədəni turizm, ailə və gender, kino sahəsində və s.tələbələrin təqdimatları və müzakirələri çox maraqlı keçdilər. Tələbələrdə elmə maraq və entuziazm, təqdimatların mövzu seçimində yanaşmalar və innovativliyə uştünlük verilməsi çox sevindirir. Elm və inkişaf sahəsində gənc tədqiqatçılarımıza uğurlar arzulayıram!».