Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyi Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə birlikdə meşələrin qorunması və iqlim dəyişmələrinin meşələrə təsirinin öyrənilməsi istiqamətində məktəblilərin ekoloji maarifləndirilməsi məqsədilə Ağsu və Yevlax rayonu orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “İqlim dəyişmələri və meşələr” mövzusunda rəsm və foto müsabiqəsi keçirmişdir.
GreenPen.az saytına WWF Azərbaycan Nümayəndəliyinin Tərəfdaşlığın və Ünsiyyətlərin qurulması üzrə Meneceri Sevinc Saruxanovadan verilən məlumata görə müsabiqənin əsas məqsədi meşələrin qlobal əhəmiyyəti, unikal canlılar aləmi, ekoloji problemləri, iqlim dəyişmələrinin meşələrə təsiri barədə məktəblilərdə ekoloji biliklərin artırılması, meşələrə məsuliyyətli və qayğıkeş münasibətin yaradılması, onların meşələrin qorunmasında fəal iştiraka həvəsləndirilməsindən ibarət idi. İki nominasiya: foto və rəsm üzrə elan edilmiş müsabiqəyə 50 foto və rəsm işi təqdim edilmişdir.
Müsabiqəyə təqdim olunmuş fotolar və rəsm işləri məktəblilərin gözü ilə meşələrin əsas ekoloji problemlərini və qorunmasının əhəmiyyətini, iqlim dəyişmələrini və digər neqativ amillərin meşələrə təsirini əks etdirirdi. Müsabiqənin qalibləri 3-4 iyun tarixlərində Ağsu və Yevlax rayonlarında rayon təhsil şöbə nümayəndələrinin, uşaq yaradıcılıq mərkəzlərinin, məktəb rəhbərlərinin, şagirdlərin və valideynlərin iştirak etdiyi tədbir zamanı qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Qeyd edək ki, ekoloji maarifləndirmə məqsədi daşıyan bu tədbirlər Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Cənubi Qafqaz ölkələrində meşə ekosistemlərinin transformasiya yolu ilə iqlim dəyişmələrinə qarşı dözümlülüyünün artırılması” layihəsi çərçivəsində təşkil edilmişdir. Layihəsinin əsas məqsədi cənubi Qafqazda meşə ekosistemlərinin iqlim dəyişmələrinin təsirinə qarşı dözümlülüyünü artırmaq, biomüxtəlifliyi və yerli əhalinin yaşayışını zənginləşdirməkdir.
Tədbirdə yerli və bölgə jurnalistlər iştirak etmişdirlər.
GreenPen.az