Gənc Tədqiqatçılara və PR Təşəbbüslərinə Dəstək Təşəbbüs Qrupu fəaliyyətə başladı

Azərbaycanın Müstəqillik Günü ərəfəsində “Yaşıl qələm” Gənc Tədqiqatçılara və PR Təşəbbüslərinə Dəstək Maarifçilik Ictimai Birliyinin təsis toplantısı və tələbə gənclərlə görüşü keçirilib. “Yaşıl qələm” qeyri-kommersiya ictimai təhsil təşkilatının məqsədi gənclərin tədqiqat və ünsiyyət bacarıqlarını inkişaf etdirərək rəqəmsal humanizm, etika, təbiətlə harmoniya və davamlı inkişaf sahəsində təşəbbüslərini dəstəkləməkdir”- “Yaşıl qələm” maarifçilik birliyinin sədri, pedaqoq-tədqiqatçı, kommunikasiya, layihələrin idarə edilməsi və inkişafı sahəsində sertifikatlı məsləhətçi Elçin Sərdarov görüş iştirakçılarına məlumat verib.

Onun sözlərinə görə, bu təşkilat çərçivəsində gənclərin təhsili, elmi, müasir texnologiya və innovasiyalar, sosial və ekoloji maarifləndirmə, kadr potensialının gücləndirilməsi, davamlı inkişaf, təcrübə mübadiləsi, elmi-tədqiqat mədəniyyətinin inkişafı sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək, rəqəmsal və media platformalarında gənclər arasında ünsiyyət və müzakirə, humanizm ideyalarının, ümumbəşəri dəyərlərin, etik davranışın, vətənpərvərlik, Azərbaycan xalqının milli dəyərləri, Azərbaycanın multikulturalizm modeli, mədəniyyətlərarası ünsiyyət və gənclər arasında sağlam həyat tərzi ideyalarının təbliği ilə bağlı tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Təşkilatın təqdimatı zamanı tələbə iştirakçılarına bu il üçün nəzərdə tutulan tədbirlər proqramı təqdim olunub. Proqramda davamlı inkişaf və təbiətlə harmoniya məsələləri, valideynlərin təbiətin mühafizəsi və sosial təşəbbüslər sahəsində elmi-tədqiqat və praktik fəaliyyətə cəlb edilməsi, gənclərə ixtisas seçimində köməklik göstərilməsi, karyera istiqamətləndirilməsi, məşğulluq problemlərinin həlli, elmlə maraqlanan əlilliyi olan gənclərin rəqəmsal platformalarda tədqiqat və əməkdaşlığa cəlb edilməsi,  PR texnologiyaları vasitəsilə sosial şəbəkələrdə dövlət və ictimai birliklərin, elmi müəssisələrin tədqiqat, elmi innovasiya və ətraf mühitin mühafizəsi sahəsində təşəbbüslərinin təşviqi kimi məsələlər daxil edilib.

Alim-tədqiqatçılar fəlsəfə üzrə fəlsəfə doktoru Zeynəddin Şabanov, sosiologiya üzrə fəlsəfə doktoru Aynurə Rəşidova, tibb üzrə fəlsəfə doktoru Kəmalə Məmmədyarova tədqiqat işinin, məlumat analitikasının dəstəklənməsi və stimullaşdırılmasının, yeni biliklərin əldə edilməsinin vacibliyini qeyd edərək, tələbələrin elmi konfrans və seminarlarda, layihə tədqiqat fəaliyyətlərində iştirakını faydalı olduqlarını qeyd etdilər, ideya təşəbbüskarlarına və fəallarına uğurlar arzuladılar.

Bakı Dövlət Universitetinin və digər ali məktəblərin jurnalistika, filologiya, fəlsəfə, mədəniyyətşünaslıq, sosial elmlər, sənəd idarəedilməsi, biologiya, coğrafiya, beynəlxalq əlaqələr və s. ixtisasları üzrə təhsil alan tələbələri onun keçirdiyi seminarlarda fəal iştirak etmək və qurumun inkişafına töhfə vermək arzusunda olduqlarını bildiriblər.

Bildirilib ki, iyun ayında “Yaşıl qələm” təşəbbüs qrupu Şahdağ və Hirkan Milli Parklarına ekoloji və etnomədəni turlar, tədqiqat, ünsiyyət və tərəfdaşlıq sahəsində peşəkar bacarıqların inkişaf etdirilməsi kursları təşkil edəcək.