Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda YUNESKO-nun Ümümdünya Fəlsəfə günü ilə bağlı seminar keçirildi

Təhsil Nazirliyinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda YUNESKO-nun Ümümdünya Fəlsəfə günü ilə bağlı seminar keçirildi. Tədbiri açan seminarın koordinatoru, Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutunun beynəlxalq layihələr şöbəsinin baş mütəxəssisi Elçin Sərdarov TİPİİ-nin direktoru Vəfa Yaqublunun tədbir iştirakçılarına salamlarını çatdıraraq YUNESKO-nun fəlsəfənin insan düşüncəsinin, hər bir mədəniyyətin və fərdlərin inkişafında, gənclərin müstəqil və tənqidi təfəkkürün formalaşmasında, insanların dünyanı daha da yaxşı anlamasında, tolerantlığın və sülhün təşviqində dəyər verdiyini xüsusilə qeyd etdi.

Tədbir iştirakçılarına təqdim edilən İnstitutun qonağı AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə ü.f.d., dosent Zeynəddin Şabanov seminar iştirakçılarına təhsilin fəlsəfi problemlərindən ətraflı məlumat verdi. O, təhsilin inkişaf yolları, xarici təcrübə, London Təhsil Filosofları Beynəlxalq Assosiasiyasının uğurlu fəaliyyətindən danışdı, Amerika proqmatik filosoflarının təhsilin fəlsəfəsi üzrə yaradıcılığını təhlil etdi. Təhsilin inkişafındakı monoloq, dialoq və poliloq mərhələlərinin fəlsəfi mənalandırılması seminar iştirakçılarının marağını artırdı. Z.Şabanov təhsil alanlarda etik davranış, estetik zövq, müasir dünyagörüşün tələblərinə cavab verən fəlsəfi təfəkkürün formalaşmasının zəruriliyindən danışdı, yeni kreativ yanaşmalara, inteqrativ metodların əhəmiyyətinə, ünsiyyət bacarıqlarının inkişafına diqqəti yönəltdi. Tədbirdə klassik, postklassik və postneoklassik elmin nailiyyətlərinə nəzər yetirildi, geniş fikir mübadiləsi oldu, maraqlı təkliflər irəli sürüldü.

İnteraktiv formatda keçən seminarda iştirakçıların təhsil fəlsəfəsi, fəlsəfənin ali təhsil müəssisələrində tədrisi, etika və estetika, humanistik və milli dəyərlərin qorunması, multikulturalizm və azərbaycançılıq ideologiyası ilə bağlı maraqlı fikir mübadiləsi olmuşdur.

Tədbirdə Təhsil Nazirliyinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun beynəlxalq layihələr şöbəsinin müdiri Azad Əhmədov və digər məsul əməkdaşlar iştirak ediblər.

GreenPen.az