“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyinin maarifləndirici seminarları Sumqayıt şəhər məktəblərində keçirildi

“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyi (MİDİB) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Məktəblilərin gələcək peşə seçimi və karyerada uğurların qazanılması üçün maarifləndirici tədbirlərin təşkili” adlı layihəsi çərçivəsində Sumqayıt şəhərinin 1 və 16 №-li tam orta məktəblərində 14-15 noyabr 2017-ci il tarixlərində maarifləndirici seminarlar keçirmişdir. Bu haqda GreenPen.az-a MİDİB-də məlumat verdilər.

Layihənin əsas məqsədi, Bakı və Sumqayıt şəhərlərinin bir neçə seçilmiş məktəblərinin 7-ci və 8-ci siniflərində təhsil alan və mühəndislik sahəsində gələcək karyerasını qurmaq istəyi olan şagirdlər üçün memarlıq, dizayn və inşaat mühəndisi sahəsində maarifləndirici seminarların və “Mən mühəndislik peşəsini seçməklə ölkəmə necə faydalı ola bilərəm” adlı inşa yazı müsabiqəsini təşkil etməkdir.

Belə ki, 1 №-li tam orta məktəbin direktoru xanım Ruhiyyə Tağıyeva, məktəbin uşaq birliyi rəhbəri Püstə Mustafayeva, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Aidə Ələkbərova, Ayidə Davudova, Aytən Cəfərquliyeva, Leyla Məmmədova və Esmira Rəşidova, həmçinin 16 №-li tam orta məktəbin direktoru Niyaz Süleymanov, onun təşkilati işlər üzrə müavini Nazilə Əsgərova və məktəbin uşaq birliyi təşkilatının rəhbəri Vüsalə Nəcəfova seminarın təşkilində MİDİB təşkilatının əməkdaşlarına bu tədbirin keçirilməsində köməklik göstəriblər.

Təşkil olunmuş iki seminarda hər bir məktəbin 7-ci və 8-ci sinifində təhsil alan və dərslərində fəal olan 163 nəfər şagirdi MİDİB təşkilatı, onun fəaliyyəti və “Məktəblilərin gələcək peşə seçimi və karyerada uğurların qazanılması üçün maarifləndirici tədbirlərin təşkili” adlı layihə haqqında məlumat aldıqdan sonra “Peşə nədir ?, peşə seçimi necə aparılmalıdır ?, karyera və karyera planlaşdırması nədir ?, memarlıq və memar, inşaat və inşaat mühəndisi, dizayn və dizayner” barədə nəzəri və vizual (müxtəlif şəkillərlə) təqdimat formasında maarifləndirilmişdir. Seminarın sonunda “Mən mühəndislik peşəsini seçməklə ölkəmə necə faydalı ola bilərəm” adlı inşa yazı müsabiqəsində iştirak etmək barədə elan şagirdlərə bildirildi və seminar layihə rəhbəri və təşkilatın icraçı direktoru Arif Nəcimov tərəfindən şagirdlərin suallarını cavablandırmaqla yekunlaşdı.

Onu da əlavə edək ki, MİDİB təşkilatının rəhbərliyi cari layihədən sonra əməkdaşlıq etdiyi bütün məktəblərlə bu cür maarifləndirici seminarlar, təlimlər, inşa yazı müsabiqəsində qalib gələn şagird və onların valideyinləri ilə dəyirmi masalar, həmçinin məktəbdə təhsilin keyfiyyətinin və maddi – texniki bazasının yaxşılaşdırılması istiqamətində öz tərəfdaşları ilə yeni milli və beynəlxalq layihələrin hazırlanmasında maraqlı olduğunu və birgə çalışacağını təşkilatın adından icraçı direktor, Arif Nəcimov məktəblərin rəhbərliyinə bildirmişdir.

GreenPen.az