Qusar rayonunun Həsənqələ məktəbində peşə yönümü ilə bağlı tədbir keçirildi

Oktyabr ayının 14-də Qusar rayonu Həsənqala kənd tam orta məktəbində Təhsil Nazirliyinin həyata keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar” üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində

qalib olan “Qusar rayonu Balaqusar bələdiyyəsi ərazisində yerləşən 4 orta təhsil məktəbində peşəyönümü işinin inkişaf etdirilməsi”nə dair pilot layihəsi ilə tanışlıq məqsədilə Layihə heyətinin Həsənqala, Balaqusar,  Bədirqala və Köhnə Xudat Qazmalar kənd orta məktəblərinin rəhbər heyəti və müəllimləri ilə görüşü keçirilib.

Görüşü açan Qusar rayonu Həsənqala kənd tam orta məktəbinin direktoru Şöhran Haçəliyev məktəb tərəfindən müsabiqəyə təqdim edilmiş layihənin dəstəkləndiyinə görə Təhsil Nazirliyinə öz təşəkkürünü bildirərək tədbir iştirakçılarını layihənin məqsədi və vəzifələri ilə tanış etdirdi. Sonra, layihənin məsləhətçiləri və təlimçiləri Elçin Sərdarov və Telman Yolçıyev hal hazırda orta təhsil müəssisələrində peşə yönümü işlərinin aparılmasının vacibliyindən söhbət açaraq sözü gedən layihə çərçivəsində valideynlər, müəllimlər və 9-11 sinif şagirdləri üçün seminarların, təlimlərin, dərslərin, təqdimatların və infoturların təşkil olunacağı ilə bağlı məlumat verdilər.  

Telman Yolçıyevin sözlərinə görə, bu layihə zamanı 4 orta məktəbin seçilmiş müəllimləri üçün təlimlər keçirilərək onlara peşə yönümü üzrə yuxarı sinif şagirdləri ilə məşğələlərin  və test soğularının aparılması öyrədiləcək, bu təlimlərdən sonra isə həmin müəllimlər tərəfindən 9-11 sinif şagirdlərinə peşə yönümü ilə bağlı dərslər keçiriləcək və şagirlərin peşə və ya ixtisas seçimi ilə bağlı fərdi planları hazırlanacaq. Həmçinin bu məktəblərin bölgə və paytaxt peşə təhsil müəssisələri, yerli istehsalat və xidmət müəssisələri, məşqulluq idarələri və digər əlaqədar qurumlar ilə əlaqələri inkişaf etdiriləcək. “Bu layihə çərçivəsində qeyd olunan məktəblərdə qurulacaq səmərəli peşə yönümü sistemi vasitəsi ilə 9-11 sinif şagirdlərinin peşə və ixtisas seçimi təkmilləşdiriləcək” – o dedi.

Öz növbəsində Elçin Sərdarov peşə yönünü sahəsində vətəndaş cəmiyyəti təşkilatların “Peşə təhsilin inkişafında və peşə təhsilinin imicinin yaxşılaşdırılmasında vətəndaş cəmiyyətinin rolunun yüksəldilməsi” ilə bağlı konsept sənədinin hazırlandığını bildirərək bu layihə zamanı peşə sahəsində uğur əldə etmiş sənətkarlar və sahibkarlarla görüşlərin təşkil olunacağını bildirdi.

Qusar rayon Həsənqala kənd tam orta məktəbinin direktoru Şöhran Haçəliyev qeyd etdi ki, bu layihədə əsas məqsəd peşə yönümü sahəsində görüləcək işlərlə 9-11 sinif şagirdlərinə gələcəkdə sevdikləri və bacardıqları ixtisasın ya sənətin seçilməsində və uğur əldə edilməsində köməklik etdirməkdir.

Tədbir zamanı Həsənqala kənd məktəbinin müəllimləri Babacan Zəkiyev, Fətəli Şixməmmədov, Bədirqala kənd məktəbinin müəllimləri Nərqiz Muradxanova, Jalə Mustafayeva, Köhnə  Xudat Qazmalar kənd məktəbinin müəllimi Camal Yunusov və digər müəllimlər təkliflərlə çıxış etdilər. Təkliflər arasında Layihənin tədris metodikası ilə müəllimlərin tanış edilməsi, peşə yönümü ilə bağlı müsabiqələrin keçirilməsi, valideynlərlə seminarların və müəllimlərlə təlimlərin layihədə qeyd olunmuş müxtəlif məktəblərdə keçirməyi və sənət seçmək istəyən istedadlı uşaqlara müasir peşə təhsil müəssisələrində, ASAN Peşə,  ABAD və  digər layihələrdən yararlanmaq üçün imkanların yaradılması da olmuşdur.

Tədbirdə, həmçinin Balaqusar tam orta məktəbinin direktoru Didar Əhmədov, Bədirqala ümumi orta məktəbinin direktoru Leyli Məmmədova, Köhnə Xudat Qazmalar məktəbinin direktor müavini Valeddin Şahsənov iştirak ediblər.

Maraqlısı odur ki, bu tədbir Təhsil Nazirliyinin vətəndaş birlikləri ilə tərəfdaşlıqda “Peşə yönümü həftəsi” ərəfəsində keçirilib.

Layihə üzrə növbəti tədbir valideynlər üçün seminarlar nəzərdə tutulub və bunlar iki məktəbdə — Həsənqala və Bədirqala məktəblərində keçiriləcək.

GreenPen.az