28 iyul – Ümumdünya Hepatitlə Mübarizə Günü ilə əlaqədar bir sıra səhiyyə müəssisələrində tədbirlər keçirilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları 27-28 iyul 2017-ci ildə “28 İyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş tədbirdə iştirak etdilər. Bu haqda GreenPen.az-a Səhiyyə Nazirliyinin Mətbuat Xidmətində məlumat veriblər.

Tədbir Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Sabunçu rayon Mərkəzləşdirilmiş 1 saylı Kitabxanada təşkil olunmuşdu. Sabunçu Rayon İcra Hakimiyyətinin Humanitar şöbəsi, Sabunçu Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sabunçu Rayon Bölməsinin nümayəndələri ilə yanaşı, tədbirə rayon üzrə yerli təşkilatların, təhsil müəssisələrinin əməkdaşları və gənclər də qatılmışdılar.

İSİM-in həkim-metodisti Şəhla Mirzəzadə çıxış edərək, ictimai səhiyyə sahəsində görülən işlərdən, xüsusən qaraciyər hüceyrələrini zədələyən virus mənşəli iltihabi xəstəlik olan hepatitlə mübarizə ilə bağlı atılan addımlardan danışdı. O, həmçinin bu istiqamətdə İSİM-in yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığından söz açaraq, bu əməkdaşlığın hepatitlə mübarizədə əhəmiyyətli rol oynadığnı vurğuladı.

İSİM-in tədbirdə iştirak edən digər həkim-metodisti Hafiz İbrahimov virus hepatitlərinə dair tibbi məlumatları, eləcə də A, B, C, D, E viruslarının necə yayılması ilə bağlı geniş təqdimatı iştirakçıların nəzərinə çatdırdı. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar təqdim olundu.

Həmçinin, 26.07.2017-ci il itarixində Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM), Binəqədi Rayon İcra Hakimiyyəti, M.Ə.Rəsulzadə bələdiyyəsi ərazi ilk partiya təşkilatı Gənclər Birliyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “28 iyul – Ümumdünya Hepatitlə Mübarizə Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə bildirildi ki, Ümumdünya Səhiyyə Təşkilatı Hepatit viruslarının qarşısının alınması və onunla mübarizəyə kompleks yanaşmağa çağıraraq 2010-cu ildə WHA63.18 saylı qərarla 28 iyul tarixini Beynəlxalq Hepatitlə Mübarizə Günü elan edib.

Tədbir seminarla davam edib. Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkim-qastroenteroloq-hepatoloqu, Türkiyə Qastroenteroloji Dərnəyinin fəxri üzvü Cəmil Kamilli hepatit virusları, əlamətləri, yoluxma yolları, diaqnostikası, müalicəsi və profilaktik tədbirlər haqqında məlumat verib.

Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinin Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Ayət Nağıyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev keçirilən tədbirin önəmindən danışaraq, belə maarifləndirici tədbirlərin davamlı keçirilməsini, gənclərin aktiv olmasını qeyd ediblər.

Tədbirdə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin əməkdaşları, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavinləri, bələdiyyə üzvləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin üzvləri və Asan könüllüləri iştirak ediblər.

Qeyd edək ki, tədbirdən əvvəl Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkim-qastroenteroloq-hepatoloqu Cəmil Kamilli tərəfindən M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan gənclərin pulsuz müayinəsi həyata keçirilib.

GreenPen.az