Slovakiya Respublikasında 2023-2024-cü tədris ili üçün təqaüd proqramı

Ölkə: Slovakiya Respublikası
Təhsil səviyyəsi: bakalavriat, magistratura
Yaş həddi: 18-26 yaşlar arası
Kvota: 1 nəfər
Maliyyələşmə: aylıq təqaüd — 280 avro;
təhsil haqqı (dövlət universiteti üçün aylıq 80 avro)
ətraflı məlumat üçün: keçid
Tədris dili: slovak dili (ehtiyac olduğu təqdirdə, 10 aylıq dil kursu)
İxtisaslar: kənd təsərrüfatı, ekologiya, mühəndislik, İKT, iqtisadiyyat, ictimai
səhiyyə, təhsil daha ətraflı keçiddəki siyahı ilə tanış olmağınız tövsiyə
edilir.
Son müraciət tarixi: 05.05.2023

Müraciət forması:
 Təqaüd proqramına müraciət edəcək iddiaçılar Azərbaycan Respublikası Elm və
Təhsil Nazirliyinin elektron ərizə sisteminə müraciət etməlidirlər.
https://app.htp.edu.az/

  • Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın ümumi tələblərinə
    cavab verən namizədlər fərdi şəkildə keçiriləcək onlayn müsahibəyə dəvət
    olunacaqlar.
     Müsahibənin dəqiq vaxtı barədə məlumat namizədə elektron sistem vasitəsi ilə
    bildiriləcəkdir;
     Müsahibə üçün təyin olunmuş vaxta 15 dəqiqədən çox gecikən şəxslər müsahibəyə
    buraxılmayacaqdır;
     Hər bir namizədlə keçiriləcək müsahibə 10-15 dəqiqə ərzində davam edir, müsahibədə
    audio-video çəkiliş aparılır;
     Seçim nəticələrinə dair apellyasiya şikayəti verilməsi nəzərdə tutulmur;
     Elm və Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin adları Slovakiya
    tərəfinə təqdim ediləcəkdir;
     Elm və Təhsil Nazirliyi tərəfindən təklif olunan və təsdiq üçün Slovakiya tərəfinə
    göndərilmiş namizədlərin sənədləri müraciətlərində qeyd etdikləri ali təhsil
    müəssisələrinə* seçim sıralamasına uyğun olaraq göndəriləcəkdir;
    Müsahibə mərhələsində iştirak üçün əsas meyarlar
    Namizədlər yalnız aşağıdakı tələblərə cavab verdikləri təqdirdə fərdi müsahibə mərhələsində
    iştirak hüququ əldə edəcəklər:
     Bakalavriatdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların ali təhsil
    haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi ixtisaslara uyğun olması
    tövsiyə olunur (ixtisasların uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin
    12 yanvar 2009-cu il, 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavr pilləsi
    ixtisaslarının (proqramlarının) siyahısı”na və Azərbaycan Respublikası Nazirlər
    Kabinetinin 14 iyun 2011-ci il tarixli, 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin
    magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”na əsasən
    müəyyən olunur);
     İddiaçıların seçdiyi hər bir ixtisasın eyni ixtisas istiqaməti üzrə olması tövsiyə olunur;
     Bakalavriat təhsil səviyyəsi üzrə təhsil almaq istəyən şəxslər ölkənin ali təhsil
    müəssisələrinin tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki və
    texnoloji, təbiət, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət, əsas (baza 4 ali) tibb təhsili
    və xüsusi təyinatlı ixtisas qrupları üzrə yekun olaraq ən azı 300, digər sahələr üzrə ən
    azı 350 bal toplamalıdırlar;
     2022/23-cü tədris ili üzrə ümumtəhsil müəssisələrindən məzun olacaq Dövlət İmtahan
    Mərkəzi (DİM) imtahanlarında iştirak etməyən iddiaçıların (əvvəlki illərin məzunları da
    daxil olmaqla) akademik göstəricilərini sübut edən beynəlxalq səviyyədə tanınan
    imtahan və ya beynəlxalq olimpiada nəticələri (SAT, qızıl/gümüş/bürünc medal sahibi
    və s.) həmin sahə üzrə mümkün olan ən yüksək göstəricinin 65%-indən az
    olmamalıdır;
     DİM imtahanlarında iştirak etməyən əvvəlki illərin məzunu olan iddiaçıların öncəki
    bənddə tələb olunan göstərici ilə yanaşı, attestat üzrə cari müvəffəqiyyət dərəcəsinin
    orta balı 100 ballıq sistem üzrə isə 61 (və ya bunun ekvivalenti) baldan aşağı
    olmamalıdır. DİM imtahanlarında iştirak etmiş orta ixtisas diplomu olan şəxslərə də bu
    qayda aid edilir;
     Ölkənin yerli ali təhsil müəssisələrində bakalavriat, magistratura və ya doktorantura
    səviyyələrində təhsil alan şəxslər təhsillərinin 50%-dən çoxunu tamamlamamış
    olmalıdır;
     Magistratura səviyyəsinə müraciət edən iddiaçıların əvvəlki təhsil səviyyəsi üzrə
    ÜOMG 100 ballıq sistem üzrə 61 baldan aşağı olmamalıdır. Hazırda təhsil aldığı eyni
    səviyyə üzrə müraciət edən iddiaçıların cari ÜOMG də 100 ballıq sistem üzrə 61
    baldan aşağı olmamalıdır;
     “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
    Proqramı” çərçivəsində təhsil almış, lakin Elm və Təhsil Nazirliyi ilə imzaladığı
    müqaviləyə əsasən, 5 il ərzində ölkədə işləmək öhdəliyini yerinə yetirməmiş
    məzunların sənədləri qəbul edilməyəcəkdir;
    Qeyd: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü bəndinə əsasən
    (…dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun
    оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir), Azərbaycan
    ali təhsil müəssisələrində yaxud xaricdə dövlət hesabına (“2007-2015-ci illərdə Azərbaycan
    gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və hökumətlərarası müqavilələr yolu
    ilə) təhsil almış şəxslər eyni təhsil səviyyəsi üzrə yenidən müraciət edə bilməzlər.

Qeyd: Namizədlər, bir akademik ildə ilkin seçimi Elm və Təhsil Nazirliyi tərəfindən aparılan
yalnız bir ölkənin təqaüd proqramına müraciət edə bilərlər. Bu qayda yalnız müvafiq təqaüd
proqramının müsahibə mərhələsinə buraxılmış şəxslərə şamil edilir.
Tələb olunan sənədlər:
 CV
 Motivasiya məktubu;
 Attestatın (bakalavriat səviyyəsinə müraciət edənlər üçün) ingilis və ya slovak dilinə
tərcümə-təsdiq olunmuş surəti;
 Bakalavr təhsili üzrə diplomun (magistratura səviyyəsinə müraciət edənlər üçün)
ingilis və ya slovak dilinə tərcümə-təsdiq olunmuş surəti;
 Doğum haqqında şəhadətnamənin ingilis və ya slovak dilinə tərcümə-təsdiq olunmuş
surəti;
 Transkript (ingilis və ya slovak dilində);
 Fotoşəkil (3.5 cm x 4 cm);
 2 ədəd tövsiyə məktubu (ingilis və ya slovak dilində);
 Ümumvətəndaş pasportunun surəti.
Əlaqə:
Təqaüd proqramı ilə bağlı suallarınızı htpinfo@edu.gov.az elektron ünvanına göndərə
bilərsiniz