“Rəvayətlərdən etik tərbiyəyə” layihəsi üzrə Onlayn elmi-pedaqoji konfrans keçirildi

Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə IV-cü Qrant Müsabiqəsi”-nin dəstəyi ilə Bakı şəhəri M.Nəcəfov adına 86 № tam orta məktəbinin müəllimi, layihə əlaqələndiricisi Elçin Orucovun və layihənin ideya müəllifi, Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin nümayəndəsi Elçin Sərdarovun təşkilatçılığı və moderatorluğu ilə “Rəvayətlərdən etik tərbiyəyə”: dil və ədəbiyyat  dərslərində şagirdlərin mədəniyyət və etika əsasları ilə tanışlıq və təşviqində şərq rəvayətlərindən istifadə” mövzusunda Onlayn elmi-pedaqoji Konfrans keçirildi.

Onlayn konfransda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadənin videomüsahibəsi təqdim edildi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,  Zeynəddin Şabanovun «Rəvayətlər və milli-mənəvi dəyərlər», sosiologiya üzrə fəlsəfə doktoru Aynur Rəşidovanın «Şərq rəvayətlərdən tədrisdə istifadəsi, gənc nəslin və cəmiyyətin mənəvi sağlamlığı», sosioloq, pedaqoq Ayşəm Balayevanın «Rəvayətlərin şagirdlərin tərbiyəsinə və psixologiyasına təsiri», layihə koordinatoru, müəllim Elçin Orucovun «Dil və ədəbiyyat dərslərində rəvayətlərdən istifadə: praktiki aspektlər», təlimçi-məsləhətçi, Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin Keyfiyyətin təminatı şöbəsinin müdiri Elçin Sərdarovun «Məktəblərdə ümümbəşəri və humanist dəyərlərin aşılanmasında şərq rəvayətlərdən istifadə» mövzularında təqdimatla çıxışları dinlənildi.

Onlayn konfransda müəllimlərə humanizmin tərifləri, müasir dövrdə humanist paradiqması, valideynlərin uşaqları ilə müxtəlif yaşlarda dialoqun aparılmasının vacibliyi, valideynlərin və müəllimlərin uşaqlar üçün pozitiv valideyn, layiqli bir nümunə olması, məktəbəqədər yaşından yuxarı yaşlara kimi yaşlarına uyğun rəvayətlərin danışılması, seyr edilməsi və müzakirəsi, uşaqlarda qeyri formal və çevik məntiqin inkişafı, uşaqlarda düşünmə və tənqidi təffəkkürün inkişafı, milli-mədəni dəyərlərin formalaşdırılması, müsbət və mənfi stereotiplərin yaranmasının səbəblərindən, emosional bilik və bacarıqların formalaşdırılması, nitq qabiliyyətlərin inkişafına təsiri, uşaqlarda xarakterik xüsusiyyətlərin formalaşdırılması və digər məsələlər haqqında fikirlər söylənildi.

Həmçinin, şagirdləri rəvayətdə əsas fikiri və mənanı müəyyənləşdirmək, rəvayəti təsvir etmək, sualları formalaşdırmaq və suallara cavab vermək, əsas anlayışları vurğulamaq, rəvayət danışmaq, rəvayətdə buraxılmış sözləri tapmaq və ya fərziyyə etmək, rəvayəti rol mövqeyindən nəzərdən keçirmək, rəvayətləri müqaisə etmək, təqdim edilmiş rəvayətin hikmətinə tabe olmaq istəyən bir insanın qəlbinin hansı keyfiyyətlərə sahib olmaqlarını müəyyən etmək kimi vərdişlərin aşılanmasına dair  metodik  məsləhətlər verildi.  Virtual formatda keçən konfransda uzun tarixi dövr ərzində formalaşmış, nəsildən nəsilə ötürülən milli mədəni dəyərlərimizin, qaydaların, davranışların, insanpərvərlik və vətənpərvərlik, böyüyə hörmət, kiçiyə qayğı, dostluğa sədaqətlik kimi dəyərlərimizin, rəvayətlərin qorunub saxlanmasında və gələcək nəsillərə çatdırılmasında ailələrin, ibtidai sinifdən başlayaraq məktəbin və cəmiyyətin vacib rol oynadıqları xüsusi vurğulandı.

Misal kimi “Dədə Qorqud” dastanı, Nizami Gəncəvinin əsərləri, Həsənbəy Zərdabinin, Zeynalabdin Tağıyevin həyatı ilə bağlı rəvayətləri, tarixi rəvayətlərdən “Astiaq”, “Tomris”, “Teymurlənq”, “Oquz xan”, həmçinin,  “Ağca qala”, “Daş çobanı” , “Gəlin qaya” və s., həyatın məqsədi və mənası; həqiqət, aldatma və yalan; sevgi, xeyirxahlıq; mərhəmət, şəfqət və var-dövlət; dünya hikməti; həqiqi və xəyali dostluq; təhsil və əmək mövzularında şərq rəvayətləri üzərində müqaisəli təhlili aparıldı.

Azərbaycan xalqı yüksək mənəvi keyfiyyətlərini müharibə şəraitidə göstərdi, əsgərlərimiz döyüş yerlərində canları bahasına yaralı əsgərlərə kömək göstərirdilər, çoxmillətli xalqımız Ali Baş Komandanın rəhbərliyi ilə zəfərlər yürüşü edən Ordumuza bir yumruq kimi dəstək göstərilməsini nümayiş etdirdi.     

Qeyd edildi ki, bugün xalqımızın düşmən işğalından azad edilmiş Qarabağda, Şuşada və digər şəhər və kəndlərimizdə Zəfər səlnaməsini, qəhrəmanlıq tarixçəsini yazan Ölkə prezidentimiz, Ali Baş Komandanımız, qəhrəman zabit və əsgərlərimiz, müəllimlərimizlə bağlı mətinliyə və Vətənə sevgini aşılayan rəvayətlər təhsil müəssisələrdə humanitar fənnlər üzrə  istifadə edilən kitablara daxil edilməli, məktəblilərə və gənclərə tədris olunmalıdır.  

Onlayn konfrans haqqında öz fkirləri ilə bölüşən  Təhsil İnstitutunun Təhsil nəzəriyyəsi şöbəsinin  müdiri, pedaqoqika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov mövzunun  aktuallığını və gənc nəslin xoşbəxt gələcəyi üçün ailədə, məktəbdə, cəmiyyətdə tərbiyə prosesində rəvayətlərdən istifadə edilməsinin  əhəmiyyətini qeyd etdi.

Çıxış edən müəllimlər, doktorantlar Qələbəmizlə həmkar-müəllimlərini, Azərbaycan xalqını təbrik edərək Ölkə başçısı, Ali Baş komandan, cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Müzəffər Ordumuza bu qürurlu və sevincli anları yaşatdıqlarına görə təşəkkürlərini bildirdilər.  Azərbaycan xalqını təbrik edərək, Ordumuzun, oğullarımızın tərbiyəsində, məktəbin, rəvayətlərin də böyük rolun olduğunu qeyd edib Layihəyə uğurlar arzu etdilər.