VI «Virtual əlaçı» bilik yarışmasına start verilir

Mayın 22-dən etibarən VI «Virtual əlaçı» bilik yarışmasına start verilir. Bu haqda məlumat GreenPen.az-a Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunda verilib.

Yarışmada iştirak etmək üçün «Virtual məktəb» portalında “Teams -> General” bölməsindən “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən testlərə cavab vermək lazımdır. Hər sinif üçün təqdim edilmiş tapşırıqlara ən tez və düzgün cavab vermiş ilk 10 şagird qalib olacaq və adları Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə elan ediləcək.

Bildirək ki, V «Virtual əlaçı» bilik yarışmasının nəticələri artıq elan olunub. V həftənin əlaçılarını da diqqətinizə çatdırırıq.

Qeyd edək ki, yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.

Yarışmada iştirak edəcək məktəblilərə uğurlar!

GreenPen.az