Belarus Dövlət Pedaqoji Universitetinin nümayəndələri TİPİİ-nin qonaqları oldular

Bugün Belarus Təhsil Günləri çərçivəsində Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin (BDPU) rektoru, pedaqoji elmlər doktoru Aleksandr İ. Juk və Universitetin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Svetlana Kobaçevskaya Təhsil Nazirliyinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun qonaqları olublar.

Görüşün əlaqələndiricisi, TİPİİ-nin beynəlxalq layihələr şöbəsinin baş mütəxəssisi Elçin Sərdarov görüşün məqsəd və vəzifələrindən məlumat verərək təmsil etdiyi şöbənin Belarus Dövlət Pedaqoji Universitetinin (BDPU) beynəlxalq əməkdaşlıq şöbəsi ilə tərəfdaşlığın qurulduğundan və gələcəkdə BDPU-nun bazasında fəaliyyət göstərən İxtisasartırma və yenidən hazırlanma İnstitutu ilə əlavə təhsil, ixtisasartırma, təcrübəkeçmə və digər sahələrdə birgə proqramların həyata keçirilməsində maraqlı olduğunu bildirdi.

Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin (BDPU) rektoru, pedaqoji elmlər doktoru Aleksandr İ.Juk Belarusiya və Azərbaycan əməkdaşlığının ölkə rəhbərlərimiz tərəfindən dəstəkləndiyini və hal hazırda digər sahələrdə olduğu kimi təhsil sahəsində də uğurla inkişaf etdiyini bildirdi. «Bugün Bakıda başlayan Belarus Təhsil Günləri bu əməkdaşlığın dinamik inkişaf etdiyini təsdiq edir» — o dedi. BDPU-nun rektoru bu ərəfədə ölkədə müəllimlərin əmək haqqılarının artırılmasını müsbət hal kimi qeyd edərək, müəllimlərin peşəkar inkişafının vacib olduğunu söylədi. Professor A.Juk təmsil etdiyi Universitetin pedaqoji kadrların ixtisasartırılması, məktəbəqədər təhsil, məktəb təhsilində inteqrasiyalı tədris və tərbiyyə, təhsil informatika, loqopediya, məktəbəqədər, ümumi orta və uşaqların və gənclərin əlavə təhsil müəssisələrin

idarəetməsi, mütəxəssislərin pedaqoji fəaliyyəti, tədbiqi psixologiya və digər sahələrlə uğurla həyata keçirilən təcrübə proqramları arasında Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu ilə əməkdaşlıq edilməsinin qarşılıqlı fayda verəcəyinə ümid etdiyinini dedi.

Tədbirdə TİPİİ-nin direktor müavini Namik Nağıyev ölkəmizdə müəllimlərin diaqnostik qiymətləndirilməsinin uğurla keçirildiyini və təhsil işçilər üçün keçirilən əlavə təhsil proqramların qiymətləndirilməsi haqqında məlumat verərək, İnstitutun beynəlxalq ixtisasartırma proqramları və ekspertlərlə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirdi.

Tədbirdə iştirak edən beynəlxalq layihələr şöbəsinin müdiri Azad Əhmədov qonaqlarla tədris metodikaları və materialları ilə bağlı fikir mübadiləsi etmişdir.

Tədbirin sonunda iştirakçıların TİPİİ-nin və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri fonunda xatirə şəkilləri çəkildi.

GreenPen.az