Təhsil Nazirliyi ilə tərəfdaşlıqda vətəndaş cəmiyyəti təşkilatları “Peşə yönümü həftəsi” keçirir

“Vətəndaş cəmiyyəti və peşə yönümü”sosial qrupunun yaradıcıları — “Yaşlılar üçün Təhsil” Assosiasiyasının, “Yaşıl qələm” Müəllimlərin və Jurnalistlərin Təhsil Şəbəkəsinin və “Təlim və İnkişaf” Mərkəzinin təşəbbüskarlığı və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə “Peşə yönümü həftəsi” keçirir.

“Peşə yönümü” həftəsi çərçivəsində bir qrup vətəndaş cəmiyyəti fəalları və ekspertləri, “Peşə Təhsili və Təliminin İnkişafında və Peşə təhsilin statusunun yüksəldilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” Konsepsiyasının müəllifləri Elçin Sərdarovun, Azər Ramazanovun və Telman Yolçıyevin Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin işə düzəltmə və peşə yönümü şöbəsinin müdiri Eldar Salaxov ilə görüşü keçirilib, və orada Konsepsiyada nəzərdə tutulmuş tədbirlər planı ilə bağlı müzakirələr aparılıb. Müzakirə zamanı məktəblərdə peşə yönümü ilə bağlı təbliğat işlərinin  daha da fəal aparılması, işə götürənlər və digər tərəfdaşlarla əməkdaşlığın inkişafında maarifləndirmənin rolundan söhbət açılıb.

Günün ikinci yarısında, Nazirliyin təşkilatı köməyi və Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məktəblilərin gələcək peşə seçimi və karyerada uğurların qazanılması üçün maarifləndirici tədbirlərin təşkili” layihəsini həyata keçirən “Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyinin  “Tərəqqi” Humanitar — texniki liseyində təlimi keçirib. Tədbirdə “Tərəqqi” Humanitar — texniki liseyinin direktor əvəzi Sədaqət Nağıyeva, Təhsil Nazirliyinin İnstitusional İnkişaf üzrə Koordinatoru Elçin Sərdarov,  “Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyinin icraçı direktoru Arif Nəcimov yuxarı sinif şagirdləri qarşısında çıxış ediblər.

Həmçinin, Elçin Sərdarovun bu sahədə fəaliyyət göstərən “Dərs evi”-nin Peşə yönümü proqramı ilə tanışlıq görüşü keçirildi və təhsil mərkəzinin Lomonosov adına Moskva Dövlət Universitetində hazırlanmış peşə yönümü testi və onun bizim şəraitə uyğun nümunələri ilə tanış olundu. Görüşdə “Dərs evi”-nin icraçı direktoru Pavel Belorusskiy, Peşə yönümü proqramının rəhbəri Elvira Bağırova və digər məsul əməkdaşlar iştirak edirdilər.

“Yaşlılar üçün Təhsil” Assosiasiyasının sədri Azər Ramazanovun verdiyi məlumata görə, bu həftə Təhsil Nazirliyinin təşkilatı dəstəyi ilə Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Step” İT Academy-yaya infoturu və təlimi təşkil ediləcək.

“Peşə yönümü həftəsi”-nin son günləri bölgədə müəllimlərlə peşə yönümü işinin təşkili ilə bağlı  görüşlərin keçirilməsi  planlaşdırılır. Belə ki, Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Qusar rayonu Balaqusar bələdiyyəsi ərazisində yerləşən 4 orta təhsil məktəbində peşəyönümü işinin inkişaf etdirilməsinə dair pilot layihəsi” ilə tanışlıq, müəllimlər və ekspertlərlə görüşlər nəzərdə tutulur. Bu layihə çərçivəsində qeyd olunan məktəblərdə qurulacaq səmərəli peşə yönümü sistemi vasitəsi IX-XI sinif şagirdlərinin peşə və ixtisas seçimi təkmilləşdiriləcək

“Peşə yönümü” həftəsi ərzində peşə yönümü ilə bağlı müxtəlif yazıların və beynəlxalq təcrübələr haqqında məlumatların AZƏRTAC, Greenpen.az saytında, “Vətəndaş cəmiyyəti və peşəyönümü” sosial səhifəsində, digər mediada və sosial şəbəkələrdə işıqlandırılması nəzərdə  tutulur.

GreenPen.az