“Education 2017” sərgisi “İnsan kapitalı sərvətimizdir” devizi altında keçiriləcək

6-8 oktyabr 2017-ci il tarixlərində Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisi keçiriləcək. Sərgi “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil olunub. Bu haqda GreenPen.az-a Təhsil Nazirliyində məlumat veriblər.

Ötən illərlə müqayisədə bütün layihələr daha geniş sahədə, 1 000 kv.m sahəsi olan özəl stenddə yer alacaq. Sərgidə Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi yeni layihələri və mövcud təhsil imkanlarını təqdim edilməsi gözlənilir. Sərgidə, həmçinin, Bakı Şəhər Təhsil İdarəsi Məktəbəhazırlıq və Kitabxana stendləri ilə təmsil olunacaq.

Sərgidə Təhsil Nazirliyinin qurumlarının və həyata keçirdiyi layihələrinin — Təhsildə informasiya və kommunikasiya texnologiyaları, Peşə Təhsili üzrə Dövlət Agentliyi, SABAH qrupları, Azərbaycan üçün öyrət, “Bir” Tələbə-Könüllü Proqramı, “Maarifçi” Tələbə Kredit Fondu, Olimpiadalara hazırlıq mərkəzi, “Sağlam təhsil — sağlam millət”, “Məktəblinin dostu”, Modul tipli məktəblər, «Təhsil” Respublika İdman Mərkəzi, Uşaq-Gənclər İnkişaf Mərkəzi, İçərişəhər ənənəvi incəsənət mərkəzinin stendləri nümayiş ediləcək.

Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçiriləcək sərgidə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqojı Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Biznes Universiteti, Fransız-Azərbaycan Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti kimi ali təhsil müəssisələri təqdim olunacaqlar.

“Education 2017” sərgisində fəaliyyət göstərəcək lektoriyada mühazirələr oxunacaq, startapçılar çıxış edəcək və təqdimatlar nümayiş olunacaq. Səhnədə isə respublika və beynəlxalq yarışların qalibləri, müsabiqə laureatları öz bacarıqlarını təqdim edəcək, milli rəqslər ifa olunacaqdır.

Bu il Təhsil sərgisi geniş işgüzar proqramı ilə fərqlənəcək. Həmçinin, sərgi çərçivəsində “Mənim gələcək peşəm və ona gedən yol” adlı seminar təşkil olunacaq.

Ölkəmizlə yanaşı sərgidə Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, məktəb, kollec, təhsil mərkəzləri təqdim edəcəklər.

Sərgi Kapital Bankın baş sponsorluğu ilə təşkil edilir.

GreenPen.az