Paytaxtda məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına 2017-2018-ci dərs ili üçün uşaqların elektron qeydiyyatına başlanılır.

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu avqustun 1-dən sentyabrın 18-dək mektebeqebul.edu.az elektron sistemində ərizələrin onlayn qeydiyyatı aparılmaqla həyata keçiriləcək.  Məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə avqustun 15-dən sentyabrın sonunadək  həyata keçiriləcək. Təhsil Nazirliyində GreenPen.az-a verilən məlumata görə məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir.

Növbəti tədris ilində BŞTİ-nin tabeliyindəki 266 ümumi təhsil müəssisəsində 936 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq.

2017-2018-ci tədris ili üçün paytaxtın ətraf qəsəbələrində yerləşən ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına daha çox uşağın cəlb edilməsi planlaşdırılır.  Bu, həmin qəsəbələrdə məktəbəhazırlıq üzrə göstəricilərin yüksəldilməsi, uşaqların birinci sinfə daha hazırlıqlı başlamasının təmin olunması və müvafiq məktəblərin tədris göstəricilərinin yüksəldilməsi məqsədlərinə xidmət edir.

Rayonlar üzrə ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu avqustun 15-dən sentyabrın sonunadək aparılacaq.

Məktəbəhazırlıq qrupları ilə bağlı məlumatı, maraqlandıran suallara cavabları və məktəbəhazırlıq qrupların fəaliyyət göstərdiyi ümümtəhsil müəssisələri ilə bağlı əlavə məlumatı  edu.gov.az saytında əldə etmək olar.

GreenPen.az