II Respublika Xalq Teatrları Festivalı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən keçirilən II Respublika Xalq Teatrları Festivalı maraqlı təəsüratlarla yadda qalacaq.

Festival iki – seçim və final mərhələlərindən ibarət olmuşdur. Xalq teatrlarının dəstəklənməsi, onların respublikamızın mədəniyyət və turizm potensialının nümayişində, əhalinin asudə vaxtının səmərəli təşkilində rolunun artırılması Festivalın əsas məqsədi olmuşdur. Bu haqda GreenPen.az-a Mədəniyyət və Turizm Nazirliyində məlumat verildi. Seçim mərhələsində iştirak edən xalq teatrlarına baxılması, onların sırasından müvafiq olanların Bakı şəhərinə dəvət edilməsi məqsədilə nazirliyin əməkdaşları və teatr xadimlərindən ibarət münsiflər heyəti regionlara ezam edilmişdir.

12-14 iyun tarixində Festivalın final mərhələsi və bağlanış mərasimi keçirilmişdir. Final mərhələsində ümumilikdə 15 xalq teatrı çıxış etmişdir. Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında çıxış edən M.Ə Sabir adına Balaxanı Xalq teatrı “Heykəl danışır”, H.Sarabski adına Mədəniyyət evinin Xalq teatrı “Beş manatlıq gəlin”, Nizami adına Mədəniyyət Mərkəzinin Mərdəkan Xalq teatrı “İşdə məhəbbət macərası”, İ.B.Qutqaşınlı adına Qəbələ rayon Xalq teatrı “Gəl qohum olaq”, Heydər  Əliyev  adına  İsmayıllı rayon  Mədəniyyət Mərkəzinin Xalq teatrı “Narkomaniya bəlası”, Cəlilabad rayon Xalq teatrı “Özümüz bilərik”, Masallı Rayon Xalq teatrı “Ana fəryadı”, Qax rayonunun Xalq teatrı “Ər və arvad”, Badamdar qəsəbə Mədəniyyət evinin Xalq teatrı “Dədə Qorqud”, Sumqayıt şəhər “28” May Diyarşünaslıq evinin Xalq teatrı “Dursunəli və Ballıbadı”, Xaçmaz rayon Xalq teatrı “Diqqət başlayırıq”, Yevlax rayon B.Səfəroğlu adına Xalq Teatrı “Oyun bitdi”, Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində Adil İsgəndərov adına Xalq teatrı “Qisas qiyamətə qalmaz”, Zaqatala rayon Xalq teatrı “Vicdan hökmü”, Beyləqan rayonu “Gənclik” Xalq teatrı “Apar məni yurduma” tamaşaları ilə tamaşaçıların və münsiflər heyətinin rəğbətini qazanmışlar.

14 iyun tarixində Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında Festivalın bağlanış mərasimi keçirildi. Milli musiqi sədaları altında səhnəyə dəvət olunan xalq teatrlarının üzvləri tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandılar.

Çıxış edən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev  tədbirin Milli Qurtuluş Günü ərəfəsində keçirilməsinin təsadüfi olmadığını bildirərək son illər mədəniyyətimiz üçün yüksəliş illəri olmasını vurğuladı. O qeyd etdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dərin dövlətçilik ənənələrini uğurla davam etdirən Prezident cənab İlham Əliyev mədəniyyətin inkişafını xüsusi diqqət mərkəzində saxlamış, mədəniyyət sahəsi üzrə onlarla sərəncam imzalamış, məhz onun tapşırığı ilə yeni mədəniyyət müəssisələri yaradılmış, əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz edilmişdir. Milli mədəniyyətimizin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın mühüm xidmətləri vardır. Məhz onun xidmətlərinin nəticəsi olaraq Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri YUNESKO-nun “Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. O, festivalda iştirak edən bütün xalq teatrlarının nümayəndələrinə, habelə münsiflər heyətinə təşəkkürünü bildirərək iştirakçılara uğurlar arzuladı.

Tədbirdə “Cəngi” estrada və folklor rəqs ansamblı milli rəqs nömrələri ilə, zurna, balaban və davul ifaçıları milli musiqi nömrələri ilə, əməkdar artist İlkin Əhmədov və muğam ifaçısı Kamilə Nəbiyeva xalq mahnıları ilə çıxış etdilər.

Mərasimin gedişatı zamanı nazirliyin müvafiq əmri ilə təsdiq edilmiş münsiflər heyətinin  Yekun protokolu üzrə qalib və mükafatçılar elan olundu. Qalib və mükafatçılara diplom və xatirə hədiyyələri təqdim edildi.