E.Sərdarov
GreenPen.az üçün
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi “Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənəti növlərinin öyrənilməsinə yardım göstərilməsi” mövzusunda layihəsinin icrasına başlayıb. Layihə Əmək və Əhalinin Sosial Təminat Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin əsas məqsədi aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, kimsəsizlərin və əlillərin sosial problemlərinin həllində iştirak etmək, onlara humanitar yardım göstərmək, vətəndaşların məşğulluq problemlərinin həllində yaxından iştirak etmək, ətraf mühitin qorunmasında fəaliyyət göstərməkdir.
Bu layihənin məqsədi görmə imkanları məhdud şəxslər üçün televiziya, kino, teatr, idman proqramları və muzeylərin müyəssərliyinin təmin edilməsi, onların cəmiyyətə inteqrasiyasını və dünya görüşlərinin artırılmasıdır. Layihənin vəzifələrinə görmə imkanları məhdud şəxslərdən ibarət teatrın yaradılması yolu ilə uşaqların teatr sahəsinə inteqrasiya olunması, Avropada geniş yayılmış tifloşərh sahəsinin Azərbaycanda geniş tətbiqi üçün işlərin aparılması da daxilir.
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin rəhbəri İradə Rizazadədən alınmış məlumata görə layihənin inkişaf konsepsiyasına görə əlilliyi olan şəxslərin informasiya və kommunikasiya texnologiyalarından faydalanması və kommunikasiya sistemləri vasitəsilə informasiya əldə edilməsi imkanları artırılacaqdır. Bu layihə çərçivəsində mövcud problemləri həll etməklə görmə imkanları məhdud şəxslər üçün televiziya, kino, teatr, idman proqramları və muzeylərin müyəssərliyinin təmin edilməsi, mövcud xidmətləri göstərmək məqsədilə dövlət tərəfindən təmin edilən xidmətlərin diqqət mərkəzindən kənarda qalan və əlilliyə olan stereotip yanaşmadan dolayı cəmiyyətə çıxarılmayan gözdən əlil olan uşaqları hədəf olaraq götürəcək.
Keçiriləcək tədbirlərin arasında cizgi filmin və qısa metrajlı filmin çəkilişi, incəsənət eksponatlardan ibarət muzeyinin yaradılması, teatr tamaşasının səhnələşdirilməsi, uşaqlar arasında üzgüçülük idman yarışın keçirilməsi, tifloşərhlə hazırlanmış məhsulların təqdimatı, görmə imkanları məhdud olan uşaqlardan ibarət teatrın yaradılması, Azərbaycanda tifloşərh sahəsinin inkişaf etdirilməsi məqsədi ilə dövlət qanunvericiliyində əksini tapması üçün təkliflər paketini hazırlanması nəzərdə tutulub.
Layihə çərçivəsində vətəndaşları dövlət xidmətlərdən istifadə edilməsi haqqında xəbərdar etmək və onlara bu xidməti göstərmək Maarifçi QHT-lərin məsuliyyəti olacaq. QHT, valideynlərlə birlikdə tətbiq edilən və bununla da çox çevik olan müasir reabilitasiya metodlarından istifadə edəcəkdir.
Nəticədə göstərilən xidmətlər uşağın və ailəsinin üzləşdiyi vəziyyətə uyğunlaşdırılacaq, maliyyə cəhətdən daha sərfəli olacaq və təkçə müxtəlif cəmiyyətdən asılılıq olmayacaq.
Uşaqlara öz potensiallarına çatmaq imkanı yaratmaqla informasiya və kommunikasiya texnologiyalarından faydalanması və kommunikasiya sistemləri vasitəsilə informasiya əldə etmək imkanları artırılacaqdır.
“Aparılan fəaliyyətlərin nəticəsi olaraq daha çox uşaq cəmiyyətə inteqrasiya olunaraq müxtəlif iş imkanları əldə edəcək və cəmiyyətin bərabərhüquqlu üzvü kimi fəaliyyət göstərəcək”- təşkilat rəhbəri dedi.
İctimaiyyətlə əlaqələr və sosial iş sahəsində ekspert — pedaqoq Elçin Sərdarovun fikrincə, bu cür layihələrin icrası ölkəmizdə humanist dəyərlərin aşılanmasına, imkanları məhdud şəxslərin informasiya, təhsil və yaradıcılıq sahəsində məlumatlılığının artırılmasına, bədii — estetik zövgün formalaşmasına, harmonik inkişafına tövhə verəcək və bu uşaqların cəmiyyətə inteqrasiyasını təmin edəcək.
Layihə çərçivəsində mütəxəssislər görmə imkanları məhdud şəxslərin inkişaf planların sosial rifah xidmətlərini onların ehtiyaclarını əsas götürməklə koordinasiya edəcək.
Ümid edirik ki, Layihə çərçivəsində bu işlərin görülməsi, görmə imkanları məhdud şəxslərdə həyat haqqında təsəvvürlərin yaradılmasına, həmin şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində zəruri bilikləri mənimsənilməsinə xidmət edəcək.