E.Sərdarov
GreenPen.az üçün
«Əlil Qadınlar» Cəmiyyətinin (ƏQC) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Qazaxda layihə çərçivəsində yaradılmış Günərzi qayğı mərkəzi uğurla fəaliyyət göstərir.
“Əlil Qadınlar” Cəmiyyəti (ƏQC) «Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 09 yanvar 2013-cü il tarixli 2653 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait çərçivəsində artıq 3-cü ildir “Qazax rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə «Günərzi mərkəzinin yaradılması və fəaliyyəti” adlı layihəsinin qalibi olmuşdur.
Layihənin ümumi məramı Ermənistanla həmsərhəd bölgədə yerləşən Qazax rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsidir. «Əlil Qadınlar» Cəmiyyətinin sədri Məhluqə Rəhimovanın verdiyi məlumata görə, ‘“Əlil Qadınlar” Cəmiyyəti (ƏQC) 10 ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə çərcivəsində Qazax rayonunda Günərzi Qayğı Mərkəzi yaradılmış və 3-12 yaş arası çətin həyat şəraitində olan 30 uşağa gün ərzində sosial xidmətlər göstərilir və onların bacarıqlarının inkişafı üçün təlimlər keçirilir. Həmin uşaqlar gündə 2 dəfə yeməklə və yataqla təmin edilirlər. Mərkəzdə uşaqların təlim-tərbiyəsi və fərdi inkişafı ilə 16 nəfər işçi heyət məşğul olur. Bu Mərkəzdə məktəbəqədər (3-6 yaş arası) və məktəb yaşlı (7-12) uşaqlardan ibarət iki qrup yaradılmış, onların qavrayış və fiziki inkişafı, sosial uyğunlaşması üçün müvafiq məşqələlər təşkil edilmiş, gündəlik həyat vərdişlərini aşılamaq, koqnitiv bacarıqlarını inkişaf etdirmək üçün interaktiv dərslər keçirilmişdir.
Qeyd edilmişdir ki, mərkəzin işçi heyətinin bacarıqlarının inkişafı üçün seminar və treninqlərin təşkili, Mərkəzə cəlb olunacaq uşaqların müəyyən edilməsi və fərdi qayğı planın tərtibi, cəlb edilmiş uşaqlara gündəlik qayğı və inkişaf xidmətlərinin göstərilməsi, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, uşaqlar üçün pedaqoji, psixoloji, yaradıcı xarakterli dərslərin təşkili, uşaqların gündəlik həyat (funksional) vərdişlərini (abilitasiyanı) inkişaf etdirməklə gələcəkdə müstəqil yaşamaq imkanlarını artırmaqla bağlı müayinələrin aparılması və onlarla sosial iş, valideynlərin sosial reabilitasiya xidmətlərinin göstərilməsi ilə bağlı bacarıqlarının inkişafı ilə bağlı treninqlərin təşkili, uşaqların maraq və bacarıqlarından asılı olaraq müxtəlif dərnəklərin təşkili və onlara ev tapşırıqlarının hazırlanmasında köməkliyin göstərilməsi, mərkəzə cəlb edilmiş uşaqların İTK-dan istifadə və koqnitiv bacarıqlarının inkişafı ilə bağlı dərslərin təşkili barəsində əhaliyə məlumatların çatdırılması iştirakçılar arasında maraq doğurmuşdur.
Layihənin fəaliyyətə başladığı müddətdən indiyə kimi Qazax rayonu ərazisində yaşayan uşaqların dövlət uşaq müəssisəsinə düşməsinin qarşısının alınması üçün valideynlərlə mütəmadi olaraq söhbətlər aparılmış, təlimlər keçirilmiş, müvafiq məsləhətlər verilmiş və onların problemlərinin həlli üçün dövlət orqanları ilə əlaqə yaradılmış, bununla da 29 uşağın internat evlərinə yerləşdirilməsinin qarşısı alınmışdır. 37 uşağın valideyni isə ailə vəziyyətləri çətin həyat şəraitində olduğu üçün uşaqlarının Qazax rayon Günərzi Gaygı Mərkəzininə götürülməsinə dair yazılı müraciət etmişlər. Layihə ilə əlaqədar Mərkəzə sosial xidmətə götürülmüş uşaqların valideyinləri, eləcə də həmin ərazidə yaşayan əhali üçün buklet hazırlanmış və həmin bukletə layihənin məqsədi, vəzifələri, layihə çərçivəsində görüləcək işlər barəsində, layihə üzrə fəaliyyəti əks etdirən fotoşəkillər və sosial xidmət qanunvericiliyinin ümumi müddəaları haqqında məlumatlar daxil edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə 2013-cü ildə əsası qoyulan Qazax rayon Günərzi Qayğı Mərkəzinin binası TİKA-nın Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi ilə 2016-cı ildə yenidən əsaslı təmir edilmişdir. Mərkəz öz fəaliyyətini davam etdirir.
Layihə meneceri, “Əlil Qadınlar” Cəmiyyətinin prezidenti Məhluqə Rəhimova ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə Günərzi Qayğı Mərkəzinin inkişaf perspektivləri haqqında davamlı olaraq müzakirələr təşkil edir, aidiyyatlı dövlət qurumları Mərkəzə dəvət olunur, əhali arasında maarifləndirilmə işləri aparılır. Müzakirələrdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, müavin Gülayə Həsənova, digər dövlət qurumlarının nümayəndələri iştirak edərək lazımi təşkilati dəstəyin verilməsində tərəfdaşlıq edirlər. Fəaliyyət dövründə davamlı olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri və QHT nümayəndələri tərəfindən manitorinqlər təşkil edilir.