Respublika fənn olimpiadaları qalibləri mükafatlandırıldılar

«Son 4 il ərzində məktəblilər 1 qızıl, 11 gümüş, 54 bürünc olmaqla 66 medal qazanıblar. Respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsində 30 000 nəfərə yaxın şagird iştirak edib.

Bu il Naxçıvan Muxtar Respublikasından şagirdlər də daxil olmaqla IX-XI və xüsusi istedada malik aşağı sinif şagirdlərinin iştirak etdiyi olimpiadada 8 fənn üzrə 263 qalib müəyyən edilib. 48 nəfər şagird qızıl, 85 nəfər gümüş, 130 nəfər isə bürünc medala layiq görülüb» — bu haqda məlumat mayın 25-də Bakıda keçirilmiş Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində səsləndirilib.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, bir sıra dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatlarının və təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Təhsil İnstitutunun direktoru Emin Əmrullayev Respublika fənn olimpiadaları qaliblərinin ali məktəblərə qəbul göstəriciləri ilə bağlı təqdimatla çıxış edib.

Daha sonra olimpiada qalibi Eldar Əfəndiyev bu bilik yarışına hazırlaşmasından danışıb.

Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Respublika fənn olimpiadalarının keçirilməsinin istedadlı uşaqların vaxtında müəyyən olunması, onlarla işin düzgün qurulması, ölkənin dayanıqlı inkişafına və işıqlı gələcəyinə xidmət etdiyini vurğulayıb. Nazir istedadlı uşaqların gələcək inkişafına verdiyi töhfələrə və Respublika fənn olimpiadalarının keçirilməsində göstərdiyi dəstəyə görə “Kapital Bank”ın rəhbərliyinə təşəkkür edib. Tədbirdə Respublika fənn olimpiadalarının keçirilməsi, olimpiada qalibləri haqqında video-çarx nümayiş olunub.

GreenPen.az