Təhsil Nazirliyində Maarifçi QHT-lər və gənc tədqiqatçılarla birgə “Thomson Reuters Web of Science”- əsas indeksinə çıxış və onunla əməkdaşlıq” mövzusunda seminar keçirildi

Elnur Elçin oğlu

GreenPen.az

Mayın 11-də Təhsil Nazirliyində, Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti və “Yaşıl qələm” Təhsil Şəbəkəsinin birgə təşkilatçılığı ilə Maarifçi QHT-lər və gənc tədqiqatçılar üçün “Thomson Reuters Web of Science”- əsas indeksinə çıxış və onunla əməkdaşlıq” mövzusunda məlumatlandırma görüşü keçirildi.

Tədbirin əlaqələndiricisi Təhsil Nazirliyinin əməkdaşı Еlçin Sərdarov onun məqsəd və vəzifələri haqqında iştirakçıları tanış etdi və “Thomson Reuters” elmi portalı ilə əməkdaşlıq sahəsində gənc tədqiqatçılarımızın təcrübəli alimlərimizlə əməkdaşlığının vacibliyini, həmçinin maarifçi birliklərin elmin təşviqi məsələlərində daha fəal olmaları ilə bağlı fikirlər söylədi.

Öz çıxışlarında görkəmli alimlərimiz — “Simurq” Mədəniyyət Assosiasiyasının prezidenti, tarix elmləri doktoru, professor Fuad Məmmədov, “Tərəqqi və demokratiya” elmə dəstək ictimai birliyinin sədri, sosiologiya elmləri doktoru  Əhməd Məmmədov və Təhsil Şurasının sədri, professor Əjdər Ağayev gənc tədqiqatçılara seçdikləri mövzulara ürəklə və məsuliyyətlə yanaşmağı, yaradıcı olmağı, müasir çağırışlara daha çox diqqət yetirmlərini, o cümlədən gənclərə milli elmimizi dünyada Thomson Reuters kimi elmi portalların vasitəsi ilə tanıtmaqda fəal vətənpərvər olmalarını  tövsiyyə etdilər.

Tədbirdə  çıxış edən Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Afət Sadıqova ölkə rəhbərliyinin təhsilə və gənc alimlərə göstərdiyi diqqət və qayğısından danışdı.  Nazirliyin dəstəyi ilə hər il doktorantlar üçün təşkil edilən elmi-praktik konfransların, tematik seminarların və stimullaşdırıcı tədbirlərin təşkili barədə görüş iştirakçılarını məlumatlandırdı.

Tədbirdə Təhsil İnstitutunun təhsil nəzəriyyəsi şöbəsinin müdiri, pedaqoqika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov «Elmi tədqiqatlar: struktur və məzmun» mövzusunda, həmçinin «Thomson Reuters” portalının Azərbaycanda elmi informasiya resursları üzrə eksperti Aygün Babazadə “Thomson Reuters Web of Science” — əsas indeksinə informasiya çıxışı və onunla əməkdaşlıq» mövzusunda təqdimatlarla çıxış etdilər.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov gənc tədqiqatçıların «Thomson Reuters” portalı və digər beynəlxalq elmi şəbəkələr və birliklərlə əməkdaşlıq etdiklərini vurğuladı, onların uğurlarından danışarkən elmə həqiqi tövhə verə biləcək istedadlı gənclərin cəmiyyətdə elm, təhsil və idarəetmə sahələrinin inkişafına fəal cəlb olunmalarının vacibliyini qeyd etdi.

Gənc doktorantlarla görüş zamanı «Gənc tədqiqatçıların beynəlxalq elmi nəşrlərlə əlaqələri» mövzusunda çıxış edən “Gənclər üçün Prezident” mükafatçısı, gənc alim Elvin Məlikov “Thomson Reuters” elmi portalı ilə əməkdaşlıq təcrübəsindən danışdı. O, internet resurslarda və jurnallarda doktorantların elmi məqalələrinin dərc edilməsi üçün çoxlu səylər göstərilməsinin vacibliyini və elmi yazıların struktur qaydalarına riayyət edilməsinin tələb olunduğunu, məqalələrin daha aktual olmasının tələb edildiyini qeyd etdi.

İnformasiya görüşünün müzakirələr bölümündə Təhsil İnstitutunun şöbə müdiri Almaz Həsrətin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin sektor müdiri Arif Nəcimovun, Təhsil İnstitutunun doktorantı Murat Kadıfecinin elmi işlərin hazırlığı, mənbələrlə iş, gənc alimlərə dəstək və sorğularla bağlı sualları maraqla qarşılandı və cavablandırıldı.

Görüşün yekununda “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmədov Elçin Sərdarova Azərbaycanda maarifçi QHT-lərin inkişafında xidmətləri, yüksək şəxsi mədəniyyəti, “Simurq” Assosiasiyasının yaradıcı fəaliyyətinə köməyinə görə və Assosiasiyanın 25-illik yubileyi münasibəti ilə fəxri fərmanı təqdim etdi.

Tədbirdə Təhsil Nazirinin müşaviri Fərhad Əmirbəyov, elm, ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Afət Sadıqova, Təhsil Nazirliyinin informasiya şöbəsinin institusional inkişaf üzrə koordinatoru Elçin Sərdarov, Təhsil İnstitutunun təhsil nəzəriyyəsi şöbəsinin müdiri, pedaqoqika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov, Təhsil İnstitutunun şöbə müdiri Almaz Həsrət,  Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədr müavini, fəlsəfə doktoru Ruslan Rəhimli, “Yaşlıların təhsili” Assosiasiyasının sədri Azər Ramazanov, Gənclər Təşkilatları Milli Şurasının proqram əməkdaşı Pərvin Qasımov, Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müəllimi, fəlsəfə doktoru, dosent Rəna Məmmədova, “Vətəndaş cəmiyyətində debat” ictimai birliyinin sədri Ələkbər Mustafayev təqdimatlarla çıxış etdilər.

Həmçinin tədbirdə “Yaşıl Qələm” Təhsil Şəbəkəsinin, Təhsil İnstitutunun, Bakı Dövlət Universitetinin, UNEC-in, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Mikrobiologiya İnstitutunun, İdman Akademiyasının, Kataliz və qeyri-üzvi kimya İnstitutunun doktorantları və əməkdaşları iştirak etdilər.