“Yaşıl şəbəkə”- Bakı məktəblilərinin II Ekoloji Forum

 

Məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək və ətraf mühitin qorunmasında fəal iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən 6 may 2017-ci il tarixində “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində Bakı məktəblilərinin II Ekoloji Forumu keçirilib.

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə GreenPen.az-a verdiyi məlumata görə, II Ekoloji Forumun keçirilməsində əsas məqsəd məktəblilərin ekoloji biliklərinin artırılması, uşaq və gənclərin ekoloji hərəkatının genişləndirilməsi, ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların aşılanması, “Yaşıl Şəbəkə” devizi altında ekoloji hərəkatın genişləndirilməsidir. Onun sözlərinə görə , ötən ilin aprel ayının 9-da keçirilən keçirilən I Ekoloji Forumda 250-dən artıq “Ekoklub” üzvü iştirak etmişdi. Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov “Ekoklub” liderləri ilə Forumdakı görüşündə müasir dünyada və Azərbaycanda mövcud olan ekoloji problemləri yaradan səbəblər və həlli istiqamətində reallaşdırılan tədbirlər barədə danışaraq ekoloji təhsil istiqamətində yeni nailiyyətlərin əldə olunması üçün məktəblilərə öz tövsiyələrini vermişdi.

Bu il Azərbaycan Dövlət İqtisad Universitetinin konfrans zalında  keçirilən Forumda 400-ə qədər gənc ekoloqu iştirakı edib. Bakı şəhərinin 30 ümumtəhsil məktəbində fəaliyyət göstərən “Ekoklub” liderləri illik hesabatlarını təqdim edib və “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” layihəsi üzrə yaşıl infastrukturun yaradılması, enerji ehtiyatlarının səmərəli istifadəsi, tullantıların təkrar istifadəsinin kreativ həlli, suyun qənaətlə istifadəsi, sağlam qidalanma, iqlim dəyişmələrinin təsirinin azaldılması məqsədilə görülən işlər haqqında məlumat veriblər.

Forumun ikinci hissəsində Bakı şəhəri 6 nömrəli məktəb-liseydə “Yaşıl məktəb”, “Yaşıl turizm, “Yaşıl elm və texnologiya, “Yaşıl şəhər, “Yaşıl liderlər və cəmiyyət, “Yaşıl kənd təsərrüfatı, “Yaşıl iqtisadiyyatadlı 7 bölmə üzrə gənc ekoloqlar müzakirələrdə iştirak edərək birgə fəaliyyət planlarını tərtib ediblər.

Forumda Azərbaycan Respublikası Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Təhsil Nazirliyinin informasiya şöbəsinin institusional inkişaf üzrə koordinatoru Elçin Sərdarov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Şövkət Bəkirov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin rəisi Azər Əliyev, şöbə müdiri Fizulu Hacıyev, Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakultəsinin dekanı Nazim Şəmilov, Beynəlxalq Təbiəti Mühafizə Fondunun əməkdaşı Könül Əhmədova və digər təşkilatların, beynəlxalq proqramların nümayəndələri iştirak ediblər.

          Forumun yekununda məktəblilərin  iştirakı ilə Azərbaycan Respublikası Səmti Müəyyənetmə Federasiyası tərəfindən İçərişəhərdə “Kvest — labirint” oyunu keçirilib.

GreenPen.az