Dünya Uşaq İxtirası Günü ilə bağlı “Təcrübələrlə öyrənək!” adlı tədbir keçirilib

Bu günlərdə  F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Dünya Uşaq İxtirası Günü ilə bağlı “Təcrübələrlə öyrənək!” adlı tədbir keçirilib.
 
Uşaq Bilik Portalında dərc edilmiş məlumata görə, tədbirdə A.S.Loginov adına 8 nömrəli tam orta məktəbin 3a sinfinin şagirdləri iştirak ediblər. Məktəblilərə məşhur alimlərin, ixtiraçıların, dahilərin uşaq ikən icad etdikləri maraqlı əşyalar haqqında məlumat verilib, onların həyat hekayələrindən söhbət açılıb. Qeyd edilib ki, Bencamin Franklin hələ 12 yaşında üzgüçülük üçün ilk predmet, yellənən kürsü, Frenk Epperson 11 yaşında “meyvəli buzu” ixtira edib.
Məktəblilər Lui Braylın 15 yaşında olarkən görmə qabiliyyəti məhdud insanlar üçün yaratdığı xüsusi şriftlə yaxından tanış olublar. Daha sonra uşaqlar təsadüfən baş tutan maraqlı ixtiralar, yaponların icad etdikləri qəribə əşyalar haqqında videoslaydlara baxıblar. Şagirdlərin ən çox sevincinə səbəb olan isə maraqlı təcrübələr olub. Onlar butulka, çöp, çay paketi, kibrit, boya, su, şar  və s. istifadə etməklə faydalı təcrübələr aparıblar. Sonda uşaqlara “Göy qurşağı” jurnalı hədiyyə edilib.
GreenPen.az