Təhsil Nazirliyində “Azərbaycan Respublikasında peşə təhsili və təlimin inkişafına dair Strateji Yol Xəritəsi” Maarifçi QHT-lərlə İnformasiya görüşündə müzakirə edildi

 

Elçin Sərdarov

Yanvar ayının 30-da Təhsil Nazirliyində Maarifçi QHT-lərlə “Azərbaycan Respublikasında peşə təhsili və təlimin inkişafına dair Strateji Yol Xəritəsi” mövzusunda informasiya görüşü keçirilib. Görüşün məqsədi “Strateji Yol xəritəsində qeyd olunmuş ilk peşə və orta ixtisas təhsili və “elm-istehsal-bazar” əlaqələrinin optimallaşdırılması məsələlərini maraqlı tərəflərlə müzakirə etmək idi.

Tədbirdə Təhsil Nazirliyinin informasiya şöbəsinin institusional inkişaf üzrə koordinatoru Elçin Sərdarovun  Strateji yol xəritəsində təhsilə, peşə təhsilinə aid qeyd olunmuş vacib məqamlarla bağlı təqdimatı, Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Eldar Salahovun “Azərbaycan Respublikasında Peşə Təhsili və Təliminin inkişafına dair strateji Yol Xəritəsi” ilə bağlı təqdimatı, Təhsil İnstitutunun təhsil nəzəriyyəsi şöbəsinin müdiri İntiqam Cəbrayılovun “Elm-istehsal-bazar” əlaqələrinin optimallaşdırılması ilə bağlı maraqlı tərəflərlə informasiya müzakirələrinin aparılması, ali təhsil müəssisələrində “təhsil-tədqiqat-innovasiya” formatında inkişafın təşviqi ilə bağlı görüşlərin və təlimlərin təşkili” məsələlərinə aid təqdimatı, Təhsil İnstitutunun peşə ixtisas təhsili şöbəsinin müdiri Rəsul Əsgərovun “Azərbaycan Respublikasında Strateji Yol Xəritəsinin tələbləri baxımından peşə təhsili və təliminin gücləndirilməsi” mövzusunda təqdimatı dillənildi. Həmçinin, “Yaşlıların təhsili” Assosiasiyasının prezidenti Azər Ramazanovun “Yaşlıların təhsili mərkəzləri yoxsulluğun azaldılması təhsil və sosial  həmrəylik üçün imkan kimi” mövzusunda təqdimatı maraqla qarşılandı.

Tədbir iştirakçıları Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Dövlət Peşə Təhsil Mərkəzlərinin yaranmasını, İlk peşə-ixtisas təhsili sahəsində beynəlxalq və dövlət-özəl əməkdaşlığı çərçivəsində həyata keçirilən tədbirləri, Təhsil Nazirliyi ilə Asan xidmət arasında əməkdaşlıq nəticəsində Bakıda və Gəncədə uğurla həyata keçirilmiş “Asan Peşə” layihəsini, ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulunda şəffaflığın təlim olunmasını və şagirdlərin bu sahəyə maraqlarının  artmasını qeyd etdilər.

İnformasiya sessiyasında peşə təhsili üzrə ekspertlər və Maarifçi QHT-lərin nümayəndələri ilk peşə-ixtisas təhsili üzrə normativ hüquqi bazanın yenilənməsi, peşə-ixtisas təhsili sistemində istifadə olunan təhsil proqramlarının, dərslik və dərs vəsaitlərinin müasir tələblərə uyğun olması, işəgötürənlər və təhsil müəssisələri arasında daha güclü əlaqələrin inkişafı, həmçinin sosial tərəfdaşlıq üçün müvafiq strategiyanın hazırlanması və işəgötürən təşkilatların peşə təhsili müəssisələrinin maliyyələşdirilməsində iştirak etməsi və bunun üçün müvafiq qanunvericilik bazasının olması kimi məsələləri qaldırdılar.

Müzakirələrdə həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Amil Əlili, Azad Müəlimlər Birliyinin sədri  Məlahət Mürşüdlü,  “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova, Təlim və İnkişaf Mərkəzinin direktoru Telman Yolçıyev,  Azərbaycan  Gənc  Alim, Aspirant,  Magistrlar  Cəmiyyətinin sədri İlqar Orujov, “Yaşıl tikintiyə dəstək” ictimai birliyinin sədri Fuad Bağırov, Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, Mərkəzi  Elmi Kitabxananın, “Dərs evi” Təhsil Mərkəzinin, “Yaşıl qələm” təhsil şəbəkəsinin nümayəndələri öz fikirlərini bildirib, peşə-ixtisas təhsili şöbəsində perspektiv məsələlərdən danışdılar.

Görüşün digər nəticəsi olaraq, yaxın gələcəkdə Maarifçi təşkilatların Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə 9 saylı Bakı Peşə Liseyininin bazasında fəaliyyət göstərən “STEP İT Academy” ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən Peşə Mərkəzinə tanışlıq səfərinin təşkil edilməsi üzrə razılıq əldə edildi.